Azərbaycan karateçiləri yeni tarix yazıblar

Azərbaycan karateçiləri yeni tarix yazıblar

Azərbaycan karateçiləri Fransanın Monpelye şəhərində 51-ci Avropa çempionatını 3-cü yerdə başa vurublar. SİA-nın məlumatına görə, 2 qızıl və 1 bürünc medal qazanan milli komandamız 21 ölkə arasında yerli fransızlar və ikinci yerdəki ispanlardan başqa, bütün komandaları qabaqlayıb.

4 qat dünya çempionu Rafael Ağayev (-75 kq) 13-cü dəfə Avropa çempionu olmaqla şəxsi rekordunu yeniləyib. Nuranə Əliyeva, İlahə Qasımova, Fəridə Abiyeva və İrina Zaretskadan ibarət qadın seçmə komandamız bir-birinin ardınca Portuqaliya, Rusiya, Finlandiya və Türkiyə idmançılarına, final görüşündə isə Xorvatiya kimi yüksək titullu komandaya qalib gələrək qitə birincisi olub. Bu nəticə həm də karate tariximizdə bir neçə ilklərdən olub.

Daha bir rekorda gənclərdən ibarət seçmə komandanın üzvü Roman Heydərov imza atıb. 17 yaşlı R.Heydərov kata yarışlarında bürünc medal qazanmaqla Dünya Karate Federasiyasının (WKF) statistik göstəricilərinə böyüklər arasında ilk azyaşlı mükafatçı kimi daxil olub.

Xatırladaq ki, 51-ci Avropa çempionatında 46 ölkədən 437 karateçi mübarizə aparıb.

Milli komandamızı isə oktyabrın axırında Avstriyada dünya çempionatı gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə