Xəbər verdiyimiz kimi, Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo üzrə "Böyük dəbilqə" turniri keçirilir. SİA-nın məlumatına görə, Heydər Əliyev adına İdman Sarayında təşkil olunmuş yarışın ilk günündə 10 idmançımız tamamiyə çıxıb. Cüdoçularımızdan heç biri yarımfinala vəsiqə qazanmayıb.
48 kq çəkidə yarışan Aişə Qurbanlı 1/8 finalda Qvineya Bisau təmsilçisi Tasiana Limaya, eyni çəkidə mübarizə aparan milli komandanın digər üzvü Şəfəq Məmmədova 1/8 finalda türkiyəli Dilara Lokmanhekimə məğlub olub.
60 kq-da mübarizə aparan İlqar Müşkiyev 1/4 finala qədər irəliləyib. O, yarımfinala gedən yolda Yaponiya cüdoçusu Ryuju Naqayamaya uduzub. Təsəlliverici görüşdə isə idmançımız özbəkistanlı Diyorbek Urozboyevə məğlub olub və yarışı 7-ci pillədə tamamlayıb. İ.Müşkiyevi məğlub edən Ryuju Naqayama 1/16 finalda yığmamızın digər üzvü Orxan Səfərovdan üstün olub. Eyni çəkidə yarışan Vüqar Şirinli 1/16 finalda Böyük Britaniya idmançısı Eşli Makkenziyə uduzub. Elbrus Zamanov isə israilli Artyom Arşanski ilə bacarmayıb.
İskəndər Talışınski 1/8 finalda rusiyalı Mixail Pulyayevə, Famil Məmmədzadə 1/16 finalda belçikalı Kennet van Qansbekə, Orxan Əskərzadə isə qazaxıstanlı Əzəmət Mukanova məğlub olub.
Bu gün yalnız bir cüdoçumuzun medal qazanmaq şansı qalıb. 66 kq çəkidə yarışan Tərlan Kərimov 1/4 finalda ispaniyalı Suqoi Uriarteyə uduzub və ilk təsəlliverici görüşdə italiyalı Elio Verdeni məğlub edib. O, bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. İdmançımız həlledici qarşılaşmada belçikalı Kərimov Kennet van Qansbeke ilə görüşəcək.
Qeyd edək ki, 3 gün davam edəcək turnirdə 76 ölkədən 449 cüdoçu (280 kişi, 169 qadın) qüvvəsini sınayır. Bu yarış 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya baxımından da önəmlidir. Ümumi mükafat fondu 154 min dollar olan turnirdə hər çəki dərəcəsində qalib gələn cüdoçular qızıl medalla yanaşı, 5000 dollar pul mükafatına və 500 lisenziya xalına sahib olacaqlar. Finalçılar gümüş medal, 300 lisenziya xalı və 3000 dollar, üçüncü yeri tutan iki cüdoçu isə bürünc medal, hərəyə 200 lisenziya xalı və 1500 dollar qazanacaqlar.
Azərbaycanı bu yarışda 27 kişi və 3 qadın cüdoçu təmsil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB