Yığma komandamız ilk oyunda məğlub olub

Yığma komandamız ilk oyunda məğlub olub

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası mayın 5-də Bakıda təşkil olunan Avropa çempionatında ilk oyununu keçirib. SİA-nın məlumatına görə, Bakı Olimpiya Stadionunda vbaş tutan oyunda millimiz Portuqaliya yığması ilə qarşılaşıb. Matçdan əvvəl hər iki ölkənin dövlət himni səslənib.

Matçın 4-də dəqiqəsində portuqaliyalı futbolçu Jose Qomes hesabı açıb. Oyunun 11-ci dəqiqəsində Portuqaliya millisinin qapısı qarşısında təhlükəli vəziyyət yaradan millimiz qol şansını əldən verib. Beş dəqiqə sonra qapıçı Məmməd Hüseynovun səhvindən yararlanan Jose Qomes ikinci topu millimizin qapısından keçirib.

Yığmamızın futbolçuları Metin Gülər və Barış Ekincier rəqib qapısı qarşısında bir neçə dəfə qol imkanı yaratsalar da, fərqlənə bilməyiblər. Matçın 24-cü dəqiqəsində millimizin oyunçusu Elçin Əsədov avtoqolla yadda qalıb.

İlk hissəsinin sonunadək hesab dəyişməyib və Portuqaliya millisi fasiləyə 3:0 hesablı üstünlüklə yollanıb.

Qonaqlar ikinci hissəyə daha fəal başlayıb. Oyunun 44-cü dəqiqəsində Migel Luis hesab arasındakı fərqi artırıb. Görüşün 61-ci və 62-ci dəqiqələrində futbolçumuz Fərid Nəbiyevin rəqib qapısına vurduğu zərbələr dəqiq olmayıb. Oyunun 76-cı dəqiqəsində Gedson Fernandes növbəti dəfə topu millimizin qapısından keçirib. Beləliklə, görüş Portuqaliya millisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Millimiz növbəti oyununu mayın 8-də Belçika yığmasına qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə