"Tour d'Azerbaidjan-2016" ilə əlaqədar mətbuat konfransı keçirilib

"Tour d'Azerbaidjan-2016" ilə əlaqədar mətbuat konfransı keçirilib

Bu gün "Tour d'Azerbaidjan-2016" beynəlxalq velosiped turu ilə əlaqədar Respublika Velotrekində mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə veloturun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) vitse-prezidenti Sahib Ələkbərov və yarışın texniki direktoru, Avropa Velosipedçilər Birliyinin fəxri baş katibi Roland Hofer iştirak edib.

Öncə ölkə Prezident İlham Əliyevin ailəsi ilə birgə ötən il "Bakı 2015" I Avropa Oyunları ərəfəsində Veloparkda inşa olunmuş yeni BMX stadionu ilə tanış olarkən "Synergy Baku" komandası ilə görüşünü əks etdirən videoçarx nümayiş etdirilib.

S.Ələkbərov "Tour dAzerbaidjan-2016" barədə ətraflı məlumat verərək veloyürüşün gözəl idman tədbiri olduğunu, həm də Azərbaycanı beynəlxalq arenada təbliği baxımından mühüm rol oynadığını bildirib. O qeyd edib ki, bu yarışlar digərlərindən fərqli olaraq, yüz kilometrlərlə məsafəni əhatə edir və düzənlik, dağlıq ərazilərdən, müxtəlif şəhər, rayon, qəsəbə və kəndlərdən keçməklə təşkil olunur: "Bu da ölkənin beynəlxalq səviyyədə tanınması, onun görməli yerlərinin, turistləri maraqlandıran məkanlarının bütün dünyaya təqdim edilməsi üçün çox vacibdir. Nəzərə almaq lazımdır ki, "Eurosport" kanalının rəsmi məlumatına görə, ötən il "Tour dAzerbaidjan" beynəlxalq veloturu barədə videosujetlər dünyanın 56 ölkəsinin 72 telekanalı vasitəsilə yayımlanarkən 32.7 milyondan çox televizor bu kanallara köklənib. Marşrutlara gəldikdə, narahatlığa səbəb olacaq heç bir məsələ yoxdur. Düzdür, Şamaxı yolunda təmir işləri gedir. Amma bunun bizə aidiyyatı yoxdur. Hamısı peşəkar velosipedçilərdir".

Vitse-prezident Azərbaycanı təmsil edəcək komandanın hədəflərindən də danışıb: "Hədəflər barədə komanda rəhbərliyi danışsa, daha düzgün olardı. Ancaq mən öz mövqeyimi bildirim ki, məqsədimiz yalnız irəli getməkdir. Azərbaycana ancaq bu yaraşır. Başqa yolumuz yoxdur. Kifayət qədər güclü komandamız var. İki üzvümüz 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında çıxış edəcək. Komandamıza yeni idmançılar cəlb etmişik. Velosiped idmanı komanda yarışıdır. Burada təkcə ayaq yox, taktika və strategiya da böyük rol oynayır. Düşünürəm ki, kifayət qədər yüksək nəticəmiz olmalıdır. Ancaq bu, yarışdır. Biz heç vaxt konkret hədəf qoymuruq ki, sən birinci yeri tutmalısan. Sadəcə bildiririk ki, Azərbaycanı layiqincə təmsil etməlisiniz".

R.Hofer öz isə Respublika Velotrekinin unikal bir idman qurğusu olduğunu bildrib: "Dünyanın müxtəlif ölkələrində velosiped idmanı binalarında olmuşam, amma bura özünəməxsusluğu ilə fərqlənir. Özüm isveçrəliyəm, Azərbaycanda dəfələrlə olmuşam və yarışlarda iştirak etmişəm. Əvvəlkilərdən fərqli olaraq, bu dəfə yarışın texniki direktoruyam. Yarışda dünyanın müxtəlif ölkələrindən 21 komanda iştirak edəcək. Bu da beynəlxalq səviyyəli möhtəşəm yarışın baş tutacağından xəbər verir. Ümumilikdə 14 pro-kontinental, 6 kontinental və 1 yığma komanda - Estoniya millisi mübarizə aparacaq. İlk mərhələ Bakı - Sumqayıt marşurutudur. Bu, əsasən sprinterlər üçündür. İkinci mərhələ Bakı Veloparkından İsmayıllıda yeni inşa olunacaq velosiped zavoduna qədərdir. 3-cü mərhələ Qəbələ - Oğuz - Şəki - Qəbələ marşrutu olacaq. Bu mərhələ olduqca maraqlı keçməlidir. Çünki ötən il yarışın bu hissəsində Pirquluda 40 sm qar var idi. Sonuncu mərhələ isə Bakıda olacaq. Tarixi yerlərdən keçəcək sonuncu mərhələ 5 dövrədən ibarət olacaq. Bunlardan sonra 5-ci "Tour dAzerbaidjan-2016"nın qalibi müəyyənləşəcək".

Qeyd edək ki, konfransdan öncə xarici qonaqlar və jurnalistlər yenidən qurulmuş və genişləndirilmiş Respublika Velotreki ilə tanış olublar.

Nəzərinizə çatdıraq ki, yarış mayın 4-dən 8-dək davam edəcək. "Tour d'Azerbaidjan-2016"da Azərbaycan, Estoniya, Almaniya, İsveçrə, ABŞ, Rusiya, İtaliya, Avstriya, Avstraliya, Malaziya, İsrail, Yaponiya, Latviya, Qazaxıstan, Slovakiya, BƏƏ, Küveyt, Portuqaliya komandaları iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə