“Formula-1” yarışının marşallarına təlimlər keçirilib

Bakıda keçiriləcək "Formula-1" üzrə Avropa Qran Pri yarışına marşalların hazırlanması məqsədi ilə "Baku Marshals Club" yarışda iştirak edəcək Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə və yanğınsöndürmə marşallarının əməkdaşları üçün təlimlər təşkil edib. SİA-nın məlumatına görə, FHN-in Akademiyasının təlim bazasında keçirilən təlimlərdə ümumilikdə 189 yanğınsöndürmə və 139 xilasetmə marşalları iştirak edib.

Təlimlər Bəhreyn Motor-İdman Federasiyasının peşəkar təlimçiləri tərəfindən aparılıb. Tədbir nəzəri və praktik hissədən ibarət olub.

Tədbirdə qəzaya uğramış "Formula-1" avtomobilinin yarış trekindən təxliyəsi, pilotun avtomobildən çıxarılması, yanan avtomobilin söndürülməsi, qəza zamanı avtomobilə sıxılıb qalmış pilotun xüsusi avadanlıqlarla təxliyəsi və digər hərəkətlər üzərində təlimlər keçirilib.

Qeyd edək ki, aprelin 25-dən başlayan təlimlər 29-da sona çatacaq.

Onu da nəzərinizə çatdıraq ki, "Formula-1" üzrə Avropa Qran Pri yarışında 1000 yerli və 300 yaxın xarici marşal iştirak edəcək.

"Formula-1" üzrə Avropa Qran Pri yarışlarına Fövqəladə Hallar Nazirliyi tərəfindən təyin olunmuş Bakı şəhər Halqası Əməliyyat Şirkətinin koordinatoru, polkovnik Cavanşir Həşimov jurnalistlərə açıqlamasında təlimlərin əhəmiyyəti barədə danışıb.

O qeyd edib ki, "Formula-1" üzrə Avropa Qran Pri yarışı üç hissədən ibarət olacaq və təlimlərdə bütün hissələrin təhlükəsizlik tədbirləri istiqamətində hazırlıq keçirilir: "Birinci hissə yarış treki, ikinci Hökumət Evinin qarşısında yerləşən Yarışlara Nəzarət Mərkəzi, üçüncü isə Dənizkənarı Bulvar ərazisidir. Hər üç hissəyə FHN-in işçi qüvvəsi cəlb olunacaq. Bu məqsədlə hazırda Bəhreyn Motor İdman Federasiyasının mütəxəssisləri tərəfindən 300-ə yaxın yanğınsöndürən və xilasedicilərə təlimlər keçirilir. Təlimlərdə qəzaya uğramış "Formula-1" avtomobilinin trekdən təxliyə olunması üzrə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətindən 90, qəza vaxtı baş vermiş yanğının söndürülməsi istiqamətində 85, Pit-stop binasında təhlükəsizlik işlərinin hazırlığında isə 30-a yaxın yanğınsöndürən iştirak edib. Bundan əlavə, qəzaya uğramış pilotların İdarəetmə Mərkəzinə çatdırılması məqsədilə, Xüsusi Riskli Xilasetmə Xidmətinin 20-yə yaxın motoxilasedici nümayəndəsi də hazırlıq prosesinə cəlb olunub".

Yarışın yanğından mühafizə marşallarının koordinatoru Əyyub Əssəlman isə bildirib ki, onun idarə etdiyi marşal heyəti tibb, təhlükəsizlik, xilasetmə və yanğından mühafizə komandaları ilə birlikdə çalışır: "Nəzərdə tutduğumuz bütün təlimləri keçir, öyrəndiklərimizi təcrübədə istifadə edirik. Bizim üçün lazımi şəraiti yaratdığına görə, Azərbaycan dövlətinə, FHN-ə və Avtomobil Federasiyasına təşəkkür edirəm. Yanğından mühafizə marşalları peşəkarlardır. Onlarla işləmək daha asandır. Bəhreyn klubu olaraq söz veririk ki, Azərbaycanda keçiriləcək "Formula-1" üzrə Avropa Qran Pri yarışı tarixdə keçirilmiş ən yaxşı yarışlardan biri olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...