“Olimpiya hərəkatı” proqramının final mərhələsinin açılışı olub FOTOLAR

Beynəlxalq Olimpiya Komitəsinin və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan "Coca-Cola" şirkətinin, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK), Gənclər və İdman, eləcə də Təhsil nazirliklərinin birgə tərəfdaşlığı ilə keçirilən "Olimpiya hərəkatı" məktəblilərin kütləvi idman proqramı çərçivəsində təşkil edilən yarışların final mərhələsinin Bakı İdman Sarayında açılış mərasimi keçirilib.

SİA-nın məlumatına görə, əvvəlcə proqram haqqında məlumat verilib.

Bildirilib ki, ilk dəfə 2003-cü ildə Niderlandda həyata keçirilən "Olimpiya hərəkatı" proqramı genişlənərək digər ölkələri əhatə edib. Azərbaycan bu proqramın icra olunduğu beşinci ölkədir. Proqramın əsas hədəf qrupu Bakının orta ümumtəhsil məktəblərində təhsil alan 12-16 yaşlı şagirdlərdir. Proqramın icrasını müvafiq idman növləri üzrə fəaliyyət göstərən milli idman federasiyaları da dəstəkləyir. Məktəblilərin daha fəal və sağlam həyat tərzinə cəlb olunmasına töhfə verən proqram Azərbaycanda idmanın inkişafına mühüm təsir göstərir.

"Olimpiya hərəkatı" ötən il "Bakı-2015" birinci Avropa Oyunlarının sosial idman irsi elan edilmiş "Fəal ailəm, sağlam aləm" proqramının davamı olaraq Olimpiya dəyərlərinin təşviqinə töhfə verir. Proqrama Bakının 400-dək orta ümumtəhsil məktəbində təhsil alan 50 mindən çox şagird həmin idman növləri üzrə yarışlara cəlb olunub.

Diqqətə çatdırılıb ki, proqramın əsas məqsədi "Bakı-2015" birinci Avropa Oyunlarının sosial və idman irsinin davamı olaraq, şagirdləri yüngül atletika, veloidman, basketbol 3x3 və badminton yarışlarına cəlb etməkdir. Eyni zamanda, sağlam və fəal həyat tərzini, həmçinin Olimpiya dəyərlərini təşviq etməkdən ibarətdir. İdmanın dörd növü üzrə məktəbdaxili yarışlarla başlayan proqram Bakının rayonları üzrə birinciliklərlə davam edib və nəticədə 600-ə yaxın məktəbli yarışların final mərhələsinə vəsiqə qazanıb.

Sonra flaşmob təşkil edilib.

Olimpiya Oyunlarının qaydalarına uyğun olaraq, təşkil edilən yarışların möhtəşəm açılış mərasimində paytaxt rayonlarının məktəb komandalarının paradı olub. Proqram çərçivəsində çıxışlarından bəhs edən "Olimpiya hərəkatı-Azərbaycan" videoçarxı və "Olimpiya hərəkatı"nın rəsmi loqosu nümayiş etdirilib.

Mərasimdə müvafiq idman federasiyalarının nümayəndələri ilə yanaşı, "Olimpiya hərəkatı" beynəlxalq idman proqramının ulduz idmançıları – basketbolçu Amil Həmzəyev, atlet Nazim Babayev, ilk Avropa Oyunlarının mükafatçıları, könüllülər və digərləri iştirak ediblər.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, təhsil nazirinin müavini Firudin Qurbanov, "Azerbaijan Coca-Cola Bottlers" şirkətinin baş direktoru Erdinç Gözəl çıxış edərək sağlam həyat tərzinin məktəblilər arasından təbliğ olunması və idmanın kütləviliyinin artırılması baxımından proqramın əhəmiyyətindən danışıblar. Onlar idmanın bu növlərinin birinci Avropa Oyunlarından sonra ölkəmizdə daha da məşhurlaşdığını diqqətə çatdırıblar. Azərbaycanda 2015-ci ildən icra olunmağa başlanan "Olimpiya hərəkatı" proqramının məktəblilərin idmana cəlb edilməsi baxımından əhəmiyyətli rol oynadığı diqqətə çatdırılıb. Həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğıdan söz açılıb.

Sonra yarışlar açıq elan edilib və Azərbaycanın dövlət himni səsləndirilib.

Hakimlər kollegiyası üzvlərinin təqdimatından sonra birinci Avropa Oyunlarının iştirakçıları və "Olimpiya hərəkatı"nın proqramının ulduz idmançıları adından Avropa çempionu, atlet Nazim Babayev çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıb.

Musiqili-bədii və şou proqramından sonra final yarışlarına start verilib.

Final mərhələsinə 70-yə yaxın respublika dərəcəli hakim, 300-dən çox məşqçi və müəllim cəlb olunub. "Olimpiya hərəkatı" proqramının final mərhələsinin yarışları aprelin 25-də və 28-də Bakı İdman Sarayında keçiriləcək. Məktəblər arasında keçirilən yarışın finalına vəsiqə qazanan komandalar çempionluq uğrunda yarışacaq.

Yarışların bağlanış mərasimi aprelin 28-də təşkil ediləcək və proqram möhtəşəm idman festivalı ilə başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə