İdman dırmanması üzrə açıq çempionata start verilib FOTOLAR - SƏS TV

"ClimBaku" İdman Dırmanması Mərkəzində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) və Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə idman dırmanması üzrə açıq çempionata start verilib. SİA-nın məlumatına görə, çempionatın açılış mərasimində FAİREX-in vitse-prezidenti Arzu Mustafayev, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin "Gömrükçü" idman klubunun direktoru, gömrük xidməti leytenantı Ramil Məmmədov və digərləri iştirak ediblər.

Komandalar parad şəklində arenaya gələndən sonra FAİREX-in vitse-prezidenti Arzu Mustafayev çıxış edərək yarışın əhəmiyyətindən söz açıb. O, çempionatın təşkilində məqsədin idman dırmanmasını təbliğ etmək, kütləviləşdirmək, bu növün inkişafına dəstək vermək, istedadlı idmançıları üzə çıxarmaq olduğunu qeyd edib. A.Mustafayev idmançılara uğurlar arzulayıb.

"Gömrükçü" idman klubunun direktoru R.Məmmədov yarış iştirakçılarına Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin "Gömrükçü" idman klubunun baş direktoru, gömrük xidməti polkovniki Xəzər İsayevin salamlarını çatdırıb. O, X.İsayevin adından qeyd edib ki, müstəqil Azərbaycanın həm də bir idman ölkəsi olaraq beynəlxalq aləmdə tanınması qürurvericidir: "Biz də öz növbəmizdə ölkəmizin sayılıb-seçilən idman dövlətləri ilə bir sırada dayanmasından fəxr edirik. Müxtəlif çempionatlar, açıq birinciliklər və bir sıra əhəmiyyətli idman tədbirləri Mərkəzin iş planında artıq ənənəvi yer alıb. Bu gün keçirdiyimiz açıq çempionat qeyd olunmuş silsilə tədbirlərin növbəti uğurudur".

O, yarış iştirakçılarına qələbələr arzulayıb.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra çempionata start verilib. Yarışt idman dırmanmasının iki növü - boldrinq və sürət növləri üzrə təşkil olunub. Çempionatda paytaxt və bölgələri təmsil edən 11 klubdan 48 idmançı (36 kişi, 12 qadın) iştirak edir. Yarışda "Gömrükçü" İK, "Qafqaz" DİK, "Ekosport"İK, FHN İSK, "Ameast"İK, Salavat İK (Qusar), "Kyanite" İK, Şəki-A.M.A, "Gənclik" İdman Klubunun idmançıları mübarizə aparır.

Qeyd edək ki, çempionatın mükafatlandırma mərasimi sabah keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə