Kris Braun, Enrike İqlesias və Farel Vilyams Bakıda konsert verəcəklər AÇIQLAMA

Kris Braun, Enrike İqlesias və Farel Vilyams Bakıda konsert verəcəklər AÇIQLAMA

Bakıda keçiriləcək "Formula-1" üzrə Avropa Qran Prisinin əyləncə proqramında çıxış edəcək dünya ulduzlarının adları açıqlanıb. SİA-nın məlumatına görə, bu haqda media nümayəndələrinə Bakı şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai məlumat verib.

O qeyd edib ki, yarışın keçiriləcəyi zaman - iyunun 17-19-da "Formula-1" şəhərciyində 3 məşhur dünya ulduzunun konserti təşkil olunacaq: "Dünyanın ən tanınmış ifaçılarından olan Kris Braun, Enrike İqlesias və Farel Vilyams yarış həftəsonu ərzində təşkil olunacaq musiqili proqramın əsas ifaçıları olacaqlar. İyunun 17-si cümə günündən başlayaraq, dünyanın ulduz ifaçıları "Formula-1" şəhərciyində xüsusi qurulmuş səhnədə axşam saatlarında müvafiq ardıcıllıqla çıxış edəcəklər.

Amerikalı müğənni, bəstəkar və rəqqas Kris Baun cümə günü əyləncə proqramına start verəcək. O "Yeah3x", "Look At Me Now" və "Beautiful People" kimi məşhur hitlərini ifa edəcək.

Şənbə axşamı dünyanın ən məşhur canlı musiqi ifaçısı adını qazanmış Enrike İqlesias coşğulu konsert proqramı ilə səhnədə yer alacaq. Latın pop musiqisinin kralı kimi tanınan ispan əsilli müğənni səhnədə özünün "Hero", "Bailamos" və "I like It" kimi məşhur mahnılarını səsləndirəcək.

Bazar günü isə Farel Vilyams mahnıları ilə azarkeşləri sevindirəcək".

N.Arpadarai bildirib ki, yarış ərəfəsində bütün Bulvar boyu bir neçə səhnə quraşdırılacaq və konsert proqramına yerli müğənnilər də dəvət olunacaq. Onun sözlərinə görə, "Formula-1" yarışına bilet əldə edən azarkeşlər bütün əyləncə proqramlarına qatılmaq, dünyanın ən məşhur "Formula-1" pilotları ilə görüşmək, avtoqraf almaq, yarışlara baxmaq və digər imkanlar əldə edəcəklər.

"Anlaşmaya əsasən təşkilatçılığın maddi tərəfləri ictimaiyyətə açıqlanmır. Biz Sinqapur proqramını seçmişik. Məqsədimiz Avropa Qran Prisi zamanı tam əyləncə proqramı tətbiq etməkdir", deyə N.Arpadari əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə