Ağacəkmə aksiyası keçirilib FOTOLAR

Ağacəkmə aksiyası keçirilib FOTOLAR

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin işçiləri "Formula-1" Qran-prisinin könüllüləri və marşalları ilə birlikdə "Gəlin Bakını sürətlə yaşıllaşdıraq" devzi altında Səbail rayonunda yerləşən "Dostluq" parkında ağacəkmə aksiyası keçiriblər. SİA-nın məlumatına görə, tədbirdə BŞH-nin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai və "Formula-1" üzrə Avropa Qran-prisinin rəsmi səfiri Tünzalə Ağayeva da iştirak edib.

Aksiyada Abşeron iqliminə uyğun olan 500-dək şam və sərv ağacı əkilib.

Tədbirin keçirilməsində əsas məqsəd mötəbər idman yarışına ev sahibliyi edən Bakıda yaşıllıq zolaqlarını artırmaq və şəhərin ekoloji mühitinin yaxşılaşdırılmasını sürətləndirmək, eləcə də Avropa Qran-prisinin təşkilatçılığında fəaliyyət göstərən kollektiv arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə töhvə verməkdir.

Aksiyada iştirak edən BŞH-nin İnsan resursları şöbəsinin rəhbəri İranə Əhmədova hamının bu işdən böyük zövq aldığını qeyd edərək, tədbirin yüksək əhval-ruhiyyədə keçdiyini bildirib: "Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi "Formula-1" Qran-prisinin keçirilməsinə iki aya yaxın müddətin qaldığı bir ərəfədə 250-dək əməkdaşımız, yarışın könüllüləri və marşallları böyük məmnuniyyətlə Bakını yaşıllaşdırmaq təşəbbüsü ilə çıxış etdilər. Aksiyada iştirak edənlər hərəyə iki ağac əkərək, gələcək nəsillər üçün daha təmiz, yaşıl və təhlükəsiz ətraf mühitin miras qoyulmasına öz töhfələrini verdilər".

Qeyd edək ki, əməliyyat şirkəti növbəti aylarda da oxşar sosialyönümlü tədbirlər keçirməyə davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə