Eltac Səfərli: "Tezliklə reytinqimi 2700-ə çatdırmaq istəyirəm" MÜSAHİBƏ
Şahmat üzrə Azərbaycan çempionu Eltac Səfərli Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidmətinin suallarını cavablandırıb. SİA şahmatçının müsahibəni nəzərinizə çatdırır:
- Karyeranızda növbəti dəfə Azərbaycan çempionu oldunuz. Bu ilki çempionatı əvvəlkilərdən necə fərqləndirərsiniz?
- Son tur ərəfəsində artıq çempionluğu təmin etmişdim. Amma bu, yarışın asan keçdiyini söyləməyə imkan vermir. Əvvəlki illərdən fərqli olaraq ölkə çempionatı daha böyük rəqabətlə yadda qaldı. Gənc nəsil yaxşı mənada özünü göstərə bildi. Bu, məni çox sevindirir. Gənc şahmatçılar rəqibdən asılı olmayaraq hər bir partiyada sona qədər mübarizə aparırdı.
- Ötən ilki çempion Rauf Məmmədov bu dəfə turnirdə iştirak etmədi. Bu mənada Raufun yoxluğu çempionluq yolunu bir qədər asanlaşdırdı?
- Rauf çox güclü şahmatçıdır. Onun yarışda iştirak etməsini çox istəyirdim. Amma müəyyən səbəblərdən çempionata qatılmadı. Bununla belə biz çox maraqlı Azərbaycan çempionatının şahidi olduq. Turnirdə kifayət qədər yaxşı şahmatçılar mübarizə apardı. Bəlkə, kənardan çempionluğun asan başa gəldiyini düşünmək olar, ancaq əslində bu, delə deyil.
- Hansı tur sizin üçün ən çətin oldu?
- Hər bir partiya çətin idi. Məsələn, Nail Bəşirli ilə oyunum çox maraqlı oldu. Gənc şahmatçı çempionata yaxşı hazırlaşdığını göstərdi. Bildiyiniz kimi, bu il Şahmat Olimpiadası Bakıda təşkil olunacaq. Buna görə həm kişilər, həm də qadınlar arasında 3 komanda ilə təmsil olunmaq imkanımız var. Çempionat ölkədə kifayət qədər perspektivli gənclərin olduğunu göstərdi.
- Ümumiyyətlə, 2016-cı ildə iştirak etdiyiniz yarışları necə qiymətləndirirsiniz?
- Nüfuzlu Veyk-An-Zee turnirinin "B" yarışında çıxışımı normal hesab edirəm. İkinci yeri tutmaq yaxşı nəticədir. Təəssüf ki, "Aeroflot Open"də iştirakım istədiyim kimi olmadı. Növbəti turnirlərdə layiqincə çıxış etmək üçün çalışmalıyam. Apreldə "Dubay Open"ə yollanacağam. Mayda Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq turnir olacaq. Ölkə çempionu kimi həmin yarışa vəsiqə qazanmışam. İlin sonunda isə Bakıda Şahmat Olimpiadası keçiriləcək. Həmin yarış hər bir şahmatçı üçün xüsusilə böyük əhəmiyyət kəsb edir.
- Bakıda təşkil olunacaq Ümumdünya Şahmat Olimpiadası ilə bağlı fikirlərinizi bilmək istərdik.
- Müxtəlif yarışlarda Azərbaycan yığmasının şərəfini qorumuşam. Hər zaman arzulamışıq ki, şahmat üzrə ən mötəbər yarış olan olimpiada doğma şəhərimizdə olsun. Sözsüz ki, mötəbər yarışın Bakıda keçirilməsi məsuliyyətimizi artırır. Komanda olaraq bu yarışda uğurlu çıxış etmək üçün çox çalışmalıyıq.
- Kişi şahmatçılardan ibarət Azərbaycan yığmasının olimpiadada şanslarını necə qiymətləndirirsiniz?
- Azərbaycan millisi iki dəfə Avropa çempionatının qalibi olub. Kifayət qədər təcrübəmiz var. Komanda kimi mübarizə aparmalıyıq. Sözsüz ki, şahmat olimpiadası qitə birinciliyindən fərqlənir. İki il əvvəl Norveçdə medal qazanmağa yaxın olmuşduq. Bakıda mükafatçılar sırasına düşmək uğrunda mübarizə aparmalıyıq.
- Hansı komandaları Azərbaycan millisinin əsas rəqibləri hesab etmək olar?
- Şahmat Olimpiadasında zəif rəqib olmayacaq. Rusiya, ABŞ, Çin eləcə də digər komandalar medallar uğrunda yarışacaq. Olimpiadada hər bir rəqibə qarşı ciddi hazırlaşmaq vacibdir. Dünya çempionu Maqnus Karlsen də Bakıya gələcək. Onun iştirakı Norveç yığmasını gücləndirəcək.
- Hazırda dünya şahmatçılarının sıralamasında 2663 reytinq əmsalınız var. Reytinqinizdən razısınız?
- 2016-cı ildəki yarışlarda reytinqimi artırmalıyam. Ola bilər, 2016-cı ildə buna nail olmayım. Amma tezliklə reytinqimi 2700-ə çatdırmaq istəyirəm. Buna görə ciddi hazırlaşacağam. Azərbaycan çempionatında və ümumiyyətlə, son yarışlarda hər zaman mənə dəstək olan beynəlxalq qrossmeyster Cahangir Ağarəhimovu qeyd etmək istərdim. Ölkə çempionatında uğur qazanmağımda onun da rolu az deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB