FİDE rəsmiləri Bakıya gəlir

Aprelin 5-də Beynəlxalq Şahmat Federasiyasının nümayəndə heyəti Bakıya səfər edəcək. Bu haqda SİA-ya Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidmətinin rəhbəri Sənan Şəfizadə məlumat verib.

O qeyd edib ki, Bakıya gələcək nümayəndə heyətinə FİDE-nin prezidenti vəzifəsini icra edən, təşkilatın vitse-prezidenti Georgios Makropulos rəhbərlik edəcək: "Səfər zamanı FİDE rəsmiləri Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin rəhbərliyi ilə görüşəcək, mötəbər yarışın hazırlıq işləri ilə tanış olacaq. Beynəlxalq Şahmat Federasiyasının nümayəndə heyəti eyni zamanda olimpiadanın keçiriləcəyi "Crystal Hall"da təşkilati işlərlə maraqlanacaq".

Xatırladaq ki, Bakıda təşkil olunacaq Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq. Ölkəmizdə ilk dəfə baş tutacaq mötəbər yarış "Crystal Hall"da keçiriləcək. Olimpiada günlərində paytaxtımızda həm də FİDE konqresinin növbəti iclası olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə