FHN qurumları arasında çempionat

FHN qurumları arasında çempionat

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubu və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə nazirliyin qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilib. FHN-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Respublika Olimpiya Mərkəzində təşkil edilən çempionatda 16 komandadan 70-ə yaxın idmançı iştirak edib.Yüz və min metrə qaçış, hündürlüyə, uzununa tullanma və yadro itələmə növlərində yarışan idmançılar həm şəxsi, həm də komanda hesabında mübarizə aparıblar.

Tofiq Əliyevin baş hakim olduğu çempionatda komanda hesabında birinci yeri Dövlət Yanğından Mühafizə Xidməti, ikinci yeri Xüsusi Riskli Xilasetmə Xidməti, üçüncü yeri isə Dövlət Sularda Xilasetmə Xidmətinin komandası tutub.

Şəxsi göstəricilərə görə Cəbrayılov Elnur (FHN-nin Akademiyası), Kəsəmənli Rəşad (İdman-sağlamlıq klubu) və Cabbarov Rəmzi (Qarabağ Regional Mərkəzi) müvafiq olaraq birinci, ikinci və üçüncü nəticəyə nail olublar.

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev tədbirdə çıxış edərək bu yarışlarda ötən illərlə müqayisədə yüksək nəticələr əldə olunduğunu diqqətə çatdırıb, aprel ayında stolüstü tennis üzrə çempionatın keçiriləcəyini qeyd edib.

Sonra Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov qalib gələn idmançıları təbrik edərək onlara növbəti oyunlarda uğurlar arzulayıb.

Sonda komanda və şəxsi hesaba görə qalib gələn idmançılar diplom, kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə