Rövnəq Abdullayev: "Bölgələri təmsil edən klubların azlığı sponsorlarla bağlıdır"

Rövnəq Abdullayev: "Bölgələri təmsil edən klubların azlığı sponsorlarla bağlıdır"

"İcraiyyə Komitəsinin iclasında AFFA-nın nəzdində Media Komitəsinin təsis edilməsi haqqında qərar qəbul olundu. Bu addım ölkədə idmanın, əsasən də futbolun inkişafına öz töhfəsini verəcək. Jurnalistlərin yer aldığı komitə müxtəlif layihələr həyata keçirəcək və onlara müəyyən miqdarda qrantlar ayrılacaq". SİA-nın məlumatına görə, bu fikirləri bu gün Bakıda təşkil olunan mətbuat konfransında AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.

Əsasnamədə də dəyişikliklərin olunduğunu diqqətə çatdıran AFFA rəsmisi qeyd edib ki, İcraiyyə Komitəsinin iclasında futbolun inkişafı istiqamətində fikir mübadiləsi aparılıb: "Rauf Əliyev və Elşad Nəsirov yenidən vitse-prezident, Elxan Məmmədov isə baş katib vəzifəsinə seçildi. Bölgələrdə futbolun inkişafı hər zaman diqqət mərkəzindədir. Bu istiqamətdə məktəblərdə maarifləndirici dərslər, müxtəlif regional yarışlar, məşqçilər üçün kurslar təşkil olunur. Ancaq bölgələri təmsil edən klubların azlığı sponsorlarla bağlıdır. Əksər klubların paytaxtı təmsil etməsi irimiqyaslı şirkətlərin Bakıda yerləşməsi ilə bağlıdır. Sevindirici haldır ki, artıq bölgələrdə də şirkətlər fəaliyyətə başlayır. Ümid edirəm ki, bu, özünü klubların inkişafında da göstərəcək".

Futbolun siyasətdən uzaq olduğunu bildirən R.Abdullayev ölkəmizdə idmanın bu növünün müxtəlif yaşlarda azarkeşləri olduğunu deyib. "Mayda ölkəmiz növbəti irimiqyaslı turnirə ev sahibliyi edəcək. Mayın 5-dən 21-dək Bakıda 17 yaşadək futbolçulardan ibarət Avropa çempionatı təşkil olunacaq. Çempionatın hazırlığına işlər yüksək səviyyədə gedir. Ölkə başçısı İlham Əliyev turnirin təşkili üçün 2 Sərəncam imzalayıb. Ümid edirəm ki, əvvəlki turnirlərdə olduğu kimi, U-17 Avropa çempionatından da iştirakçılar xoş xatirələrlə ayrılacaqlar", - deyə AFFA-nın prezidenti bildirib.

U-17 Avropa çempionatının püşkatma mərasiminin aprelin 8-də Bakı Olimpiya Stadionunda keçiriləcəyini diqqətə çatdıran R.Abdullayev komandamızın Avropa çempionatına ciddi hazırlaşdığını deyib: "Artıq yığmamız bir neçə yoxlama oyununda da qüvvəsini sınayıb. Turnirin açılış və bağlanış mərasimi Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Püşkatma mərasimindən sonra rəqiblərimiz haqqında məlumat demək olar. Rəqiblərimiz müəyyənləşdikdən sonra onların oyunlarını təhlil etmək vacibdir. Açılış oyununda millimizin bizi sevindirəcəyinə əminəm".

Bütün xəbərlər Facebook səhifəmizdə