Bu gün - 5 mart - Bədən tərbiyəsi və İdman Günü münasibətilə Sabunçu rayonu ərazisində rayon İcra Hakimiyyətinin, Azərbaycan Velosiped İdmanı Federasiyasının və Sabunçu rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə veloyürüş baş tutub. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, RİH başçısı Aparatının məsul işçiləri, rayonun hüquq mühafizə orqanları, icra strukturlarının rəhbərləri və rayon ictimaiyyəti nümayəndələri iştirak ediblər.
Veloyürüşün keçirilməsində məqsəd gənc nəsildə sağlam həyat tərzinin təbliği və onların asudə vaxtını daha da səmərəli təşkil etmək, velosiped idmanının inkişaf etdirilməsinə dəstək olub.
Veloyürüş öncəsi rayon ictimaiyyəti qarşısında çıxış edən Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Azərbaycanda idmanın qədim tarixə malik olduğunu söyləyib.
O qeyd edib ki, ölkəmiz mühüm beynəlxalq idman tədbirlərinin keçirilməsi sahəsində nümunəvi təcrübəyə malikdir: " I Avropa Oyunlarını yüksək səviyyədə təşkil edərək dünya ictimaiyyətinin rəğbətini qazanan Azərbaycana böyük idman tədbirlərinin çox rahatlıqla həvalə edilə biləcəyi görülmüş oldu. Sabunçu rayonu ərazisində yerləşən Olimpiya stadionunda reallaşan I Avropa Oyunları rayonumuzda idmanın daha da inkişafı istiqamətində əhəmiyyətli töhfə oldu".
Daha sonra veloyürüşə start verilib. Yarışda Federasiyanın peşəkar idmançıları ilə yanaşı həvəskarlar da daxil olmaqla 100-dən çox insan iştirak edib. Veloyürüş iştirakçıları hər biri 5 km olmaqla 2 dövrə qət ediblər.
Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev tərəfindən veloyürüşün keçirilməsində yaxından dəstəyinə görə Azərbaycan Velosiped İdmanı Federasiyasının Baş katibi Fərhad Əliyevə "Fəxri Fərman" təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB