"Avropa Qran Prisi ölkə turizminin inkişafına töhfə verəcək" AÇIQLAMA

"Avropa Qran Prisi ölkə turizminin inkişafına töhfə verəcək" AÇIQLAMA

"Bu ilin iyun ayının 17-19-da keçiriləcək "Formula-1" üzrə Avropa Qran Prisi ölkə turizminin inkişafına böyük töhfə verəcək. Elə bu məqsədlə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 3 otellə memorandum imzalayıb". Bunu SİA-ya açıqlamasında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim deyib.

O qeyd edib ki, "Gilan" Mehmanxanalar Qrupu, "Bakı Bulvar" və "Şah Palas" otelləri ilə imzalanan memoranduma əsasən tərəflər yarış ilə əlaqədar həm Azərbaycanda, həm də ölkədən kənarda birgə təbliğat-təşviqat kampaniyaları həyata keçirəcəklər: "BŞH rəsmi saytında sözügedən otellər haqqında məlumat yerləşdirəcək. Azərbaycana gəlmək istəyən turistlər yarışla maraqlanarkən rəsmi saytdan həmin otellər barədə məlumat ala biləcəklər. Bu otellərdə də "Formula-1" yarışı ilə bağlı ölkəyə gələn turistlərə müəyyən güzəştlər oluna bilər. Həmin otellər xarici turizm agentlikləri ilə əməkdaşlıq edirlər. Onların vasitəsi ilə bu agentliklərdə Bakıda keçiriləcək möhtəşəm yarış haqqında məlumatlar veriləcək. Xarici ölkələrdəki insanlar yarış barədə məlumatlanacaq və ölkəyə daha çox turist cəlb ediləcək".

BHŞ rəsmisi bildirib ki, tərəflər arasında yarışdan əvvəl və yarış ərzində Avropa Qran Prisi çərçivəsində keçiriləcək tədbirlərlə bağlı mütəmadi fikir və məlumat mübadiləsi də aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə