"2009-2014-cü illər üçün Azərbaycan Respublikasında şahmatın inkişafı" Dövlət Proqramının yekunu ilə bağlı tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Sonra Azərbaycanın şahmat tarixi haqqında videoçarx nümayiş olunub.
Mərasimi giriş sözü ilə gənclər və idman naziri Azad Rəhimov açıb: "Ölkəmizdə ən çox sevilən idman növlərindən biri də şahmatdır. Ümummilli Lider Heydər Əliyev hər zaman ölkənin beynəlxalq aləmdə təbliğ olunmasında şahmatın əhəmiyyətini vurğulayıb. Hələ SSRİ dövründə Heydər Əliyevin bu idman növünün inkişafı üçün atdığı addımlar təqdirə layiqdir. Ötən əsrin 70-ci illərində respublikanın 60-a yaxın şəhər və rayonlarında şahmat məktəbləri açılıb. Azərbaycan şahmatı dünya arenasında artıq elə bil səviyyəyə çatıb ki, hətta 2014-cü ildə Norveçdə keçirilmiş ümumdünya şahmat olimpiadasında komandamızın 179 ölkə arasında 2-ci və 5-ci yerləri bölüşdürülməsini biz uğursuzluq kimi qiymətləndiririk. Müstəqillik illərində Azərbaycan şahmatçıları müxtəlif beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında ölkəmizi təmsil edərək 32-si qızıl olmaqla, ümumilikdə, 80 medal qazanıblar. Hazırda Azərbaycanda 25 beynəlxalq qraysmestr, 16 beynəlxalq usta, 20 FİDE ustası, 15 beynəlxalq hakim və 16 FİDE hakimi vardır. Bildiyiniz kimi, şahmat idman növünü hər zaman xüsusi diqqətdə saxlayan ölkə başçımız cənab İlham Əliyev tərəfindən "2009-2014-cü illər üçün Azərbaycan Respublikasında şahmatın inkişafı" Dövlət Proqramının təsdiq edilməsi haqqında 5 may 2009-cu il tarixində sərəncam imzalanıb. Proqramın əsas məqsədi şahmat sahəsində dövlət siyasətinin həyata keçirilməsini, ölkədə şahmat və onun infrastrukturunun daha da inkişaf etdirilməsini, beynəlxalq səviyyəli şahmatçıların, məşqçilərin, hakimlərin hazırlanmasını təmin etməklə bu sahə üzrə beynəlxalq miqyasda rolunu artırmaq olub. Bu məqsədlərə nail olmaq üçün konkret tədbirlər planı təsdiq edilib. Dövlət proqramının həyata keçirilməsi üzrə tədbirlərin əlaqələndiricisi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi təyin edilib. Keçən dövr ərzində Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Şahmat Federasiyası ilə birlikdə 40-a yaxın müxtəlif Azərbaycan birinciliyi və çempionatları, o cümlədən, Ulu Öndər Heydər Əliyevin xatirəsinə və Azərbaycan Respublikasının müstəqilliyinə həsr olunmuş beynəlxalq şahmat festivalları təşkil edilib.
Ötən il Bakıda 45 ölkədən 128 idmançının iştirak ilə şahmat və dünya yarışları keçirilib. Azərbaycanın bir sıra şəhər və rayonlarında fəaliyyət göstərən şahmat məktəbləri yaradılıb. Dövlət Proqramının müddəaları çərçivəsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında yeni şahmat kafedrası açılıb. Bu da ixtisaslı şahmat məşqçilərinin, müəllim kadrlarının hazırlanmasına geniş imkan yaradıb. Təhsil Nazirliyi ilə birgə görülən işlər nəticəsində respublikanın 70-dən çox ümumtəhsil məktəblərində şahmat fənninin tədrisinə başlanılıb. Dövlət Proqramı icrası dövründə görülən işlər barədə hər yarım ildən bir Azərbaycan Respublikası Prezident Administrasiyasına və Azərbaycan Respublikası Nazirlər Kabinetinə yazılı hesabatlar təqdim edilib. Bu il ölkəmiz ümumdünya şahmat olimpiadasına ev sahibliyi edəcək. Ümid edirəm ki, bu mötəbər tədbirin ölkəmizin dünyada tanıdılmasında və şahmatın inkişafında böyük rolu olacaq".
Sonra söz alan təhsil naziri Mikayıl Cabbarov Dövlət Proqramının yekunu ilə bağlı fikirlərini bildirib: "Şahmat yeganə idman növüdür ki, təhsil sisteminə salınaraq məktəblərdə tədris olunur. Ölkəmizdə təhsil alan şagirdlərin təxminən, 10%-i 2-ci, 3-cü, 4-cü siniflərində şahmat fənni üzrə tədris alır. Hazırda respublikamızda 66 şahmat məktəbi fəaliyyət göstərir. Onlardan 41-i müstəqil maddi-texniki bazaya sahibdir. Ulu Öndər Heydər Əliyev tərəfindən başlanılan bu siyasəti cənab Prezident İlham Əliyev uğurla davam etdirir".
Daha sonra Şahmat Federasiyasının prezidenti Elman Rüstəmova söz verilib: "Şahmat idman növü qədim tarixə malikdir. Bu idman növünün inkişafa başladığı dövr ötən əsrin 70-ci illərinə təsadüf edir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkə iqtisadiyyatı və siyasəti ilə paralel olaraq, şahmat da diqqət mərkəzində saxlanılıb. Çox qısa müddətdə ölkədə geniş şahmat infrastrukturu yaradılıb. Bunun nəticəsində biz "Şahmat tacı"nın ölkəmizə gətirilməsinin şahidi olduq. Bu idman növünə qayğı nəticəsində 2009-cu ildə bu proqramın icrasına başlanıldı və şahmatın inkişafı dövlət strategiyası səviyyəsinədək yüksədildi. Strategiya qarşısına 4 əsas hədəf qoymuşdu. Birincisi, şahmatın daha da tanıdılması, ikincisi, şahmat infrastrukturunun inkişaf etdirilməsi, üçüncüsü, bu sahə üzrə milli kadrların yetişdirilməsi, dördüncüsü isə Azərbaycanın beynəlxalq şahmat sferasında nüfuzunun artırılması idi. Bu istiqamətdə xüsusi ilə Naxçıvan Muxtar Respublikasında gerçəkləşdirilən layihələri qeyd etmək lazımdır. Proqram çərçivəsində Heydər Əliyev Mərkəzlərində yaradılan şahmat dərnəklərini də vurğulamaq istərdim.
Sonda bu günlərdə Çində keçirilən intellektual turnirlərdə həm Şəhriyar Məmmədyarovun, həm də Rauf Məmmədovun qələbəsini xüsusi ilə qeyd etməliyəm".











Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB