Yenicə açılmış Marşallar Mərkəzində Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) təşkilatçılığı ilə Bəhreyndən gələn mütəxəssislərin təqdimatında rəhbər marşallar üçün təlim keçirilib.
SİA-nın məlumatına görə, iki gün davam edən təlimdə Formula 1 Avropa Qran Prisinin Marşal proqramına müraciət edənlər arasından seçilmiş 80-ə yaxın rəhbər marşal iştirak edib. Bu marşallar heyətində Formula 1 azarkeşləri, xaricdə yaşayan azərbaycanlılar, avtoidman üzrə təcrübəli şəxslər və Azərbaycanda fəaliyyət göstərən aparıcı şirkətlərin nümayəndələri təmsil olunublar.
Təlim zamanı Avropa Qran Prisində fəaliyyət göstərəcək rəhbər marşallara komanda işinin təşkili, komanda üzvləri arasında səmərəli əlaqələrin qurulması, sürətli qərar qəbuletmə, vəzifə və öhdəliklərin uğurlu icrası kimi zəruri mövzularda nəzəri və praktiki məlumatlar verilib.
Formula 1 üzrə keçirilən Qran Pri yarışlarının təşkilatıçılığında sahib olduğu təcrübəni azərbaycanlı həmkarları ilə bölüşmək üçün Bakıya səfər edən bəhreynli mütəxəssislərin fikrincə, rəhbər marşalların təlim prosesi səmərəli keçib.
Təlimdə iştirak edən Bəhreyn Beynəlxalq Halqasının icraçı direktoru Salman Əlxəlifə qeyd edib ki, Azərbaycan Formula 1 yarışına yüksək səviyyədə hazırlaşır və bu yarışı uğurlu şəkildə həyata keçirmək üçün lazımi resurslara tam malikdir: "Avropa Qran Prisinin keçiriləcəyi Bakı Şəhər Halqası şəhər treki olduğundan burada keçiriləcək Formula 1 yarışı daha çox məsuliyyət tələb edir. Buna baxmayaraq, Azərbaycan bu işin öhdəsindən gələcək peşəkar kadrlara sahibdir və ölkənin malik olduğu bu resurslar yarışın uğurlu şəkildə baş tutmasına tamamilə kifayət edəcək".
Təlim prosesində təşkilatçı qismində iştirak edən BŞH-nın Əməliyyatlar şöbəsinin rəhbəri Çingiz Mehdiyev bildirib ki, Bakıda ilk dəfə keçiriləcək Avropa Qran Prisinin Marşal Proqramına maraq böyük olduğundan klub qurmaq qərarına gəliblər: "Qısa müddət ərzində minlərlə şəxs bizə marşal olmaq üçün müraciət edib. Çoxsaylı müraciətləri nəzərə alaraq biz, əməliyyat şirkəti olaraq, Marşal Klubunu təsis etdik. Biz bu klub əsasında marşallıq fəaliyyətinin bütün istiqamətlərinə dair tədbirlər təşkil edəcəyik və eyni zamanda beynəlxalq Marşal Klubları ilə də sıx əməkdaşlıq quracağıq".
Formula 1 yarış həftəsonunu uğurla başa çatdıran hər bir marşal FİA-nın təsdiq etdiyi beynəlxalq lisenziyalı sertifikatla mükafatlandırılacaq. Bu sertifikat Azərbaycan Avtomobil Federasiyası (AAF) tərəfindən veriləcək.
Qeyd edək ki, hazırda Avropa Qran Prisinin Marşal Proqramına qeydiyyat davam edir. Proqrama qoşulmaq istəyənlər Bakı Şəhər Halqasının rəsmi vebsaytı - https://www.bakucitycircuit.com/az/marsallar vasitəsi ilə qeydiyyatdan keçə bilərlər. Maraqlananlar bu saytla yanaşı, Marşal proqramının rəsmi feysbuk səhifəsindən də (https://www.facebook.com/BakuMarshals) proqramla bağlı geniş məlumat əldə edə bilərlər.
Məlumat üçün bildirək ki, Marşal proqramına müraciət edənlərin seçimi ilə əlaqədar müsahibə və təlim sessiyaları Atletlər Kəndində yenicə istifadəyə verilmiş Marşallar Mərkəzində keçiriləcək. Eyni zamanda, bu mərkəz marşallıq fəaliyyəti ilə əlaqədar müxtəlif tədbirlərə ev sahibliyi etməklə yanaşı, yarış zamanı marşalların toplanış yeri olacaq.

.jpg)




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB