İtaliyanın "Corriera Della Sport" qəzetinin saytında "Bakı: "Formula-1" Azərbaycana gəlir" sərlövhəli yazı yerləşdirilib. SİA-nın məlumatına görə, məqalədə Bakıda keçiriləcək "Formula-1" üzrə Avropa Qran-prisinə aparılan sürətli hazırlıq işlərindən bəhs olunur.
Müəllif yazır: "Xəzər dənizinin sahilində yerləşən və "Badi Kubə" (küləklər şəhəri) adlandırılan Bakı bu il "Formula-1" fanatlarının sevgisi ilə coşacaq. "Formula 1 Group"un baş icraçı direktoru Berni Ekklestoun Avropa Qran-pri yarışlarının UNESCO-nun Dünya İrs Siyahısına salınmış zəngin tarixi və mədəni abidələri olan, eyni zamanda, gözqamaşdıran göydələnlərin ucaldığı Bakıda keçirilməsindən məmnundur".
Məqalədə gənclər və idman naziri Azad Rəhimovun sözlərinə də yer verilib. O deyib: "Bu yarış Azərbaycanın dünya idman xəritəsinə imza atması və gənclərin marağını cəlb etməsi üçün önəmli addımdır. Biz idmanı sevən və gənc bir xalqıq. Avropa ilə Asiya arasında körpü rolunu oynayan Azərbaycan "Formula-1" üzrə Avropa Qran-pri yarışlarının keçirilməsi üçün maraqlı məkandır".
Yazıda bildirilir ki, "Formula-1"in yeni şəhər trası Bakının tarixiliyi ilə müasirliyini özündə birləşdirir. UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş İçərişəhər, möhtəşəm "Alov qüllələri" və eləcə də gözəl dənizkənarı mənzərə bu trası qeyri-adi və maraqlı məkana çevirir. Şəhərin mərkəzi küçələrində xüsusi inşa olunmuş Bakı Şəhər Halqası gərgin mübarizəyə səhnə olacaq. Pilotlar uzunluğu 6 kilometrdən çox olan, 20 müxtəlif çətinlikli döngəni özündə birləşdirən trekdə 51 dövrə vuracaqlar. Bakı Şəhər Halqası "Formula-1"in ən sürətli şəhər treki statusuna yiyələnə bilər.
Müəllif "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin əməliyyatlar üzrə rəhbəri Çingiz Mehdiyevin sözlərinə istinadla bildirir ki, yarışlarda bolidlər saatda 340 kilometr sürət yığa biləcəklər ki, bu da Bakıdakı trası ən sürətli traslardan edəcək. Bakıda keçiriləcək "Formula-1" üzrə Avropa Qran-pri dünyada təşkil edilən ən möhtəşəm yarışlardan biri olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB