Məlumdur ki, ölkəmiz dünyanın ən qabaqcıl təcrübələrindən bəhrələnərək bir çox nailiyyətlər əldə edib. İndi isə dünya ölkələri bir çox sahələrdə Azərbaycan təcrübəsindən bəhrələnir. Ölkəmizin inkişafı istiqamətində dövlətimiz tərəfindən məqsədyönlü siyasət aparılır. İnkişafa yardımçı olmaq hər bir ölkə vətəndaşının borcudur. Bu istiqamətdə daha da böyük uğurlar əldə etmək üçün hər kəs səy göstərməli, öz sahəsində dövlətimizə əlindən gələni köməkliyi etməlidir. Hər bir vətəndaş mədəniyyəti ilə də ölkəmizin inkişafına töhfəsini verə bilər. Bu baxımdan, ailə, sürücü, ictimai mədəniyyət kimi xüsusiyyətlərə əməl etmək mütləqdir. Bəzi insanlar isə nəinki ailə, heç ictimai yerlərdə də özlərini apara bilmirlər. Küçədə, ictimai yerlərdə və nəqliyyat vasitələrdində söyüş söyən, telefonla qışqıra-qışqıra danışan, ətrafı zibilləyən, yerə tüpürən və s. bu kimi keyfiyyətləri özündə birləşdirən insanlar var.
Yerə tüpürən, ətrafı zibilləyən insanlar nəinki mədəniyyətsizlik edir, hətta xəstəlik mənbəyi yaranmasına xidmət edirlər. Belə ki, mütəxxəssislər bildirirlər ki, vərəm kimi bir çox xəstəliklər insanlara hava-damcı yolu ilə keçdiklərinə görə yerə tüpürənlər bu xətəliklərin yayılmasına şərait yaradırlar.
Din alimləri də qeyd edirlər ki, İslamda da bu mövzu önəmli amil kimi qəbul edilir. İslam dinində təmizlik və mənədiyyətə ciddi yanaşılır.
İctimai mədəniyyətə riayət olunmasının bir hissəsi qanunla tənzimlənsə də, bir çox hissəsi insanların öz vicdanı və tərbiyəsi ilə bağlıdır. Bu sahəsində xeyli irəliləyişə nail olsaq da, hələ mədəniyyətsiz insanlar qalmaqdadır.
"İctimai mədəniyyət tam olaraq inzibati üsulla yox, maarifləndirmə üsulu ilə təmin olunmalıdır"
Milli Məcəlisin Əmək və sosial siyasət, Gənclər və idman komitələrinin üzvü Sevinc Hüseynova SİA-ya açıqlamasında bildirib ki, ictimai mədəniyyət insanın daxili mədəniyyəti ilə bağlıdır: "İnsan özünü ictimaiyyət arasında aparmağı bacarmalı, etiket qaydalarına riayət etməlidir. Mədəniyyət sözsüz ki, ailədə, məktəblərdə, tərbiyə müəssisələrdə aşılanmalıdır. İnsan anadan olandan şəxsiyyət kimi formalaşana qədər gördüyünü-götürdüyünü öz hərəkətlərində tətbiq edir. Bir şəxs özünü ictimaiyyət arasında apara bilmirsə, onun ya ailəsində, ya da tərbiyə aldığı digər ocaqlarda bu istiqamətdə çatışmazlıqlar olub".
Millət vəkili qeyd edib ki, ictimai yerlərdə insanların davranışlarını tənzimləyən yetərincə qanun və qaydalar olsa da, bu halların heç də hamısı qanunvericiliklə tənzimlənə bilməz: "Mədəniyyət birbaşa insanın özü ilə bağlıdır. Məsələn, avtobusda yüksək tonla danışdığı, yaşlı şəxslərə yer vemədiyi üçün bir insanı cərimələk olmaz. Ancaq şəhəri zibilləməyə görə cərimələr nəzərdə tutulub. Yəni ictimai mədəniyyət qaydalarının qanunla tənzimlənən və tənzimlənməyən hissələri var. Məncə, bunun özü insanlar tərəfindən tənzimlənməlidir. Hər yerə polis qoymaq olmaz ki, insan zibili zibil qutusuna atmayanda onu cərimələsin. Yəni, bu istiqamətdəki qanunların icrasını yüz faiz təmin etmək olmur. Düşünürəm ki, ictimai mədəniyyət tam olaraq inzibati üsulla yox, maarifləndirmə üsulu ilə təmin olunmalıdır".
Deputat qeyd edib ki, bu istiqamətdə maarifləndirici tədbirlərə daha çox yer verilməli, tərbiyə ocaqlarında işlər gücləndirilməli, QHT-lər bu məsələlərə daha çox yer verməlidirlər.
"İctimai mədəniyyət sahəsindəki qanunların işlək mexanizmini düşünməliyik"
Milli Məclisin İnsan hüquqları və Mədəniyyət komitələrinin üzvü, Mətbuat Şurasının sədri Əflatun Amaşov hazırda ictimai yerlərdə insanların davranış qaydaları ilə bağlı çoxsaylı problemlərin olduğunu deyib: "Bu, çox ciddi məsələdir. İctimai mədəniyyət insanın ailədə aldığı tərbiyə ilə bağlıdır. Təəssüf ki, Azərbaycanda bəzi insanlar avtomobillərdən də küçələrə zibil atır, ictimai yerlərdə siqaret çəkir, ucadan danışır və s. Amerika və Avropa ölkələrində də bir zamanlar belə vəziyyət yaranmışdı. Onlar qanunun aliliyini əsas götürərək ciddi cərimələr qoydular. Orada cəmiyyətdə özünü tənzimləmə də kifayət qədər yüksəkdir. Bizdə isə avtomobillərin arxasına yazılan qaynar xəttə lazım olan məqamda (təhlükəli sürərsə - red) zəng etməyi insanlar xəbərçilik kimi qəbul edirlər. Mətbuat Şurasına gələn şikayətlər zamanı da niyə hüquq-mühafizə orqanlarına müraciət etmədiklərini soruşanda deyirlər ki, bizdə xəbərçilik yoxdur".
Millət vəkili bildirib ki, ABŞ və Avropa ölkələrində olduğu kimi, bu istiqamətdə ciddi qaydalar tətbiq olunanda cəmiyyətdə qorxu yaranır: "İnsanlar cərimədən, hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb olunmaqdan qorxurlar. Sonra isə bir hədd, vərdiş formalaşır və bu da həyat tərzinə çevrilir. Bizdə qanunlar və onların sərt tərəfləri var. Amma təəssüf ki, bu sahədə olan qanunlar işləmir. İctimai mədəniyyət sahəsindəki qanunların işlək mexanizmini düşünməliyik. İnsanlar ictimai yerlərdə mədəniyyətsiz hərəkət edərkən, ictimai qınağa tuş gəlməli, ya da cərimə ödəməlidirlər".
İctimai mədəniyyətin formalaşmasına təsir edən üç əsas amil...
AMEA-nın Fəlsəfə və Hüquq İnstitunun əməkdaşı, sosioloq, professor Əhməd Qəşəmoğlu isə vurğulayıb ki, ictimai mədəniyyətimizin yüksəlməsi, arzulanan şəkildə olması günümüzün ən aktual məsələlərindən biridir: "Günü-gündən məşhurlaşan ölkəmiz indi sürətlə dünyanın qabaqcıl dövlətləri sırasına çıxır. Amma bu qabaqcıl olmanın ən mühüm göstəricilərindən biri elə ictimai mədəniyyətdir. Ölkədə ictimai mədəniyyət yüksəldikcə, bu, başqa sahələrin inkişafına da müsbət təsir edir. Daha mədəni ölkədə yaşamaq istər vətəndaşlar, istərsə də ölkəyə gələn qonaqlar üçün rahatlıq yaradır. Bu, turizmin inkişafı üçün də ən mühüm şərtlərdən biridir. Ölkədə mədəni davranış formaları yüksəldikcə, onun beynəlxalq aləmdə nüfuzu da qalxır".
Professor qeyd edib ki, ictimai mədəniyyətin formalaşmasına təsir edən üç əsas amil var: "Bunlar insanların yaşadığı şərait, aldıqları informasiya və üstünlük verdikləri dəyərlərdir. Ona görə də, xoşagəlməz davranış formalarının aradan götürülməsi üçün bu üç amili diqqət mərkəzində saxlamaqla, onlara təsir etmək lazımdır".
Sosioloq bildirib ki, əhalinin hər bir üzvünə qarşı tələbkarlıq artmalıdır: "Bununla bağlı ictimai qınaq artmalı, inzibati tələblər sərtləşməlidir. İnformasiya baxımından TV kanallarının öhdəsinə böyük vəzifələr düşür. Onlar bu sahədə məzmunlu verilişləri artırmalıdırlar. Təhsil müəssisələrində bununla bağlı olduqca ciddi işlər getməlidir. İctimai iaşə yerlərində təmizkarlığa təlabat artmalıdır. Bu sahəyə din xadimləri də kömək edə bilərlər. Belə ki, həqiqi İslam mədəniyyətində təmizkarlığa, mədəni davranışa xüsusi yer verilir. Gənclər təşkilatları, ayrı-ayrı ictimai qurumlar, QHT-lər, bələdiyyələr və s. bu sahədə ciddi addımlar atmağa borcludurlar".
"Məkanı və ya ətrafdakıları nəzərə almadan hərəkət edən insanda natamamlıq kompleksi hökm sürür"
Ümumrusiya Peşəkar Psixoterapevtler Liqasının üzvü, psixoloq Elnarə Eminova deyib ki, insanlar gündəlik həyat tərzində göstərdikləri davranış ilə birbaşa onlara verilən tərbiyəni nümayiş etdirirlər: "Əgər hər hansı bir şəxs istər cəmiyyətdə, istərsədə ailədə etiket kodeksinə riayət etmirsə, bu, onun psixoloji durumunun qeyri-sağlam olmasından xəbər verir. Bunun da kökündə ya fizioloji, ya da ki, psixoloji travma durur. Məkanı və ya ətrafdakıları nəzərə almadan hərəkət edən insanda natamamlıq kompleksi hökm sürür. Bu da təbii ki, ailəyə söykənir. Belə bir deyim var: "Uşaq gördüyünü nümayiş etdirər". Bu ondan xəbər verir ki, həmin ailədə alyans pozulub, şəxsiyyətlərarası münasibət istənilən səviyyədə deyil, uşağa nəzarət yoxdur".
Psixoloq qeyd edib ki, ictimaiyyət arasında özünü apara bilməyən insan birbaşa onun valideyininin məsuliyyətinin göstəricisidir.
E.Eminova bildirib ki, bu sahədə valideynlər və təhsil ocaqları daha diqqətli olmalı, insanlarda uşaqlıqdan ictimai mədəniyyət formalaşdırlmalıdır.
"Heç bir inzibati qaydada tətbiq olunmuş nəzarət mexanizmləri insanın tam olaraq mədəniyyətini formalaşdıra bilməz"
Siyasi elmlər üzrə fəlsəfə doktoru, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin koordinatoru Şəfəq Əhmədova vurğulayıb ki, ictimai mədəniyyət deyərkən, söhbət yalnız etiket qaydaları, ictimai normalardan deyil, həmçinin nitq, davranış, yol, yemək və s. mədəniyyətlərindən gedir: "Əslində etiketin əsəsları kifayət qədər sadədir. Bu nitq mədəniyyəti, sadə nəzakət, səliqəli xarici görünüş və öz emosiyalarını idarə etmək bacarığıdır. Bütün sadalananlar qanunvericiliklə tam nizamlana və tənzimlənə bilməsə də, ictimai nəzarət faktoru da öz yerini tapır. Belə olan halda vətəndaş-dövlət münasibətlərinin tənzimlənməsində şəffaflıq prinsipi təmin olunur".
Ş.Əhmədova bildirib ki, mədəniyyət ümümi və çoxsahəli olsa da, cəmiyyətin hər bir təbəqəsini əhatə etsə də, ona nəzarətini təmin etmək ilkin olaraq fərdlərin öhdəsinə verilir: "Bu o deməkdir ki, hər bir şəxs öz hərəkət və davranışına görə məsuliyyət daşıyır və heç bir inzibati qaydada tətbiq olunmuş nəzarət mexanizmləri insanın tam olaraq mədəniyyətini formalaşdıra bilməz. Əlbəttə ki, bəzi inzibati qaydaların (yol hərəkəti qaydaları, diplomatik etiket və s.) pozulmasının qarşısını almaq üçün dövlət nəzarət mexanizmlərini hansısa vasitələr ilə (cərimələrin artırılması və digər üsullar) gücləndirir və bu yaxşı haldır. Lakin insanın əxlaqı, mənəvi cəhətdən mədəniyyətli olması daha çox genetik faktordur. Əgər bacarıq və qabiliyyətimizi inkişaf etdirə biliriksə, bunun da bəziləri ailədən, bir qismi də gendən gəlir".
O qeyd edib ki, hər bir cəmiyyətdə fərdlərin müsbət cəhətləri olduğu kimi, mənfi xarakterlərin də olması qaçılmazdır: "Sadəcə olaraq cəmiyyətimizdə tarixən formalaşmış müsbət tendensiya və ənənəvi xüsusiyyətləri qoruyub saxlamaq bizim borcumuzdur".
Beləliklə, mütəxəssislərin də fikirlərini nəzərə alaraq deyə bilərik ki, insanlarda ictimai mədəniyyət uşaqlıqdan ailədə, təhsil aldığı müəssisələrdə və digər yerlərdə formalaşır. Valideynlər uşaqların tərbiyəsində buna xüsusi diqqət yetirməlidirlər. İnzibati tədbirlər isə heç də tam olaraq pozulan davranış qaydalarının qarşısını ala bilmir. Mədəniyyət hər bir xalqın zənginliyinin göstəricisidir və ölkənin inkişafında mühüm faktorlardan biridir. Yəni, mədəniyyətli olmaq, yanlız insanın özü üçün yox, həm də xalqı, ölkəsi, dövləti üçün önəmlidir.
Gəlin, mədə niyyətli yox, mədəniyyətli olaq!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB