Boksçularımız Boçkai turnirində çıxışlarını davam etdirirlər

Boksçularımız Boçkai turnirində çıxışlarını davam etdirirlər

Fevralın 3-dən 7-nə qədər Macarıstanın Debretsen şəhərində İştvan Boçkainin şərəfinə keçirilən boks üzrə 60-cı memorial turnir davam edir. SİA-nın məlumatına görə, yarışda iştirak edən milli komandamızın üzvlərindən 49 kq çəki dərəcəsində Rüfət Hüseynov ilk döyüşündə Almaniyanı təmsil edən Yafali Cəlala məğlub olub.

56 kq-da qrup görüşlərində Tayfur Əliyev mərakeşli Hamut Mohamedə 1:2 hesabı ilə uduzub. İdmançımız ardınca İordaniya boksçusu Mohammed Alvadini məğlubiyyətə uğradıb. O, növbəti qarşılaşmasını braziliyalı Roşa Karluşa qarşı keçirəcək.

60 kq çəki dərəcəsində Albert Səlimov ilk döyüşündə türkiyəli Hakan Doğanı məğlubiyyətə uğradıb.

64 kq-da Lorenso Sotomayor Çexiyanı təmsil edən erməni əsilli boksçu Erik Agatelyanı 3:0 hesabı ilə məğlub edib. Ardınca Sotomayor böyük britaniyalı Elfi Praysa uduzub.

75 kq-da Kamran Şahsuvarlı ilk döyüşündə mavritaniyalı rəqibi Kleyr Mevrenə uduzub.

81 kq çəki dərəcəsində Teymur Məmmədov böyük britaniyalı Coşua Buatsi ilə qarşılaşacaq.

91 kq-da Abdulqadir Abdullayev isə yerli idmançı – macarıstanlı Gergö Savoliyə uduzub.

Qeyd edək ki, yarışlar qrup sistemi ilə keçirilir.

Xatırladaq ki, 1956-cı ildən keçirilən Boçkai turnirində dünyanın 29 ölkəsindən 168 boksçu iştirak edir. Yarışda 2 dünya çempionu, 7 Avropa birincisi, 6 Avropa Oyunlarının qalibi, eyni zamanda 1 2015-ci il Pan Amerikan və Asiya Oyunlarının qalibi mübarizə aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə