İngiltərənin "Mançester Siti" klubunun rəsmi saytında deyilir ki, bu mövsümün sonunda Manuel Pelleqrini klubun baş məşqçisi vəzifəsini tərk edəcək, onun yerini İspaniyanın "Barselona" klubunun keçmiş məşqçisi Xosep Qvardiola tutacaq. Məlumata görə, 45 yaşlı ispan mütəxəssislə saziş üç il müddətinə nəzərdə tutulub.
"P-Sport" agentliyi "Mançester Siti"nin bəyanatından bu sözləri sitat gətirib: "Biz təsdiq edə bilərik ki, Xosep Qvardiola ilə danışıqları başa çatdırmışıq. O, 2016/17-ci illər mövsümündən başlayaraq "Mançester Siti"nin baş məşqçisi olacaq. Müqavilə üç il müddətinə nəzərdə tutulub. Klub lüzumsuz spekulyasiyalara yol verməmək üçün Manuel Pelleqriniyə və oyunçulara hörmət əlaməti olaraq öz qərarı barədə açıq məlumat vermək istəyir".
M.Pelleqrini "Mançester Siti"nin rəhbərliyinə 2013-cü ildə gəlib və elə ilk mövsümdə ona İngiltərə çempionatında və Liqa Kubokunda qələbə qazandırıb.
X.Qvardiola məşqçilik karyerasına "Barselona"da başlayıb. Klub dörd mövsüm ərzində İspaniya çempionatında və Super Kubokunda üç dəfə, habelə İspaniya Kubokunun, Çempionlar Liqasının, UEFA Super Kubokunun və dünya klub çempionatının hər birində iki qələbə qazanıb.
2013-cü ildən Almaniyanın "Bavariya" klubu ilə işləyən məşqçi bu komanda ilə birlikdə beş qələbəyə, o cümlədən Almaniya çempionatında iki qələbəyə imza atıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB