Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçirilib YENİLƏNİB
Bu gün Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçirilib. SİA-nın məlumatına görə, Milli Məclisin sədri Oqtay Əsədov yaz sessiyasını açıq elan etdikdən sonra Azərbaycanın dövlət himni səsləndirilib.
Sonra akademik Cəlal Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclasda Milli Məclisin intizam komissiyasının təşkil edilməsi, hesablayıcı komissiyasının yenidən təşkil olunması, parlamentin komitələrinin yeni üzvlərinin seçilməsi, 2016-cı il yaz sessiyasının qanunvericilik işləri planı haqqında məsələlərə baxılıb.
İntizam komissiyası aşağıdakı tərkibdə yaradılıb:
Abıyev Ağacan Qulam oğlu
İbrahimgızı Məlahət İbrahim qızı
Fətiyev Xanlar Nuru oğlu
Kazımov Mirkazım Məhəmməd oğlu
Möhbalıyev Səttar Suliddin oğlu
Mustafa Fazil Qəzənfər oğlu
Nəbizadə Kamran Telman oğlu
Parlamentin Hesablayıcı komissiyası isə aşağıdakı tərkibdə yaradılıb:
Heydərov Fəttah Səməd oğlu
Vəliyeva Sədaqət Süleyman qızı
Həsənquliyev Qüdrət Müzəffər oğlu
Hüseynov Rafael Baba oğlu
Kazımlı Xanhüseyn Hüseynağa oğlu
Orucov Zahid Məhərrəm oğlu
Zabelin Mixail Yuryeviç
Millət vəkilləri Məlahət İbrahimqızı və Tahir Kərimli öncə təmsil olunduqları komitə ilə yanaşı, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Xanlar Fətiyev və Vüsal Hüseynov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Mirzəcan Xəlilov İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Fuad Muradov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Cavanşir Paşazadə Aqrar siyasət komitəsinin, Sevinc Hüseynova və Musa Quliyev Əmək və sosial siyasət komitəsinin üzvü seçiliblər.
Eyni zamanda, millət vəkilləri Ülviyyə Ağayeva, Sona Əliyeva, Elşad Həsənov və Asim Mollazadə öncə təmsil olunduqları komitə ilə yanaşı, Elm və təhsil komitəsinin, Aqil Abbas, Əflatun Amaşov, Novruzəli Aslanov, Cavanşir Feyziyev, Ziyad Səmədzadə və Mixail Zabelin Mədəniyyət komitəsinin, Bəxtiyar Əliyev, Araz Əlizadə, Sahibə Qafarova, Tahir Mirkişili və Elman Nəsirov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Kamilə Əliyeva, İlham Məmmədov və Sədaqət Vəliyeva Səhiyyə komitəsinin tərkibinə daxil ediliblər.
İclasda Azərbaycan Respublikası Prezidentinin və Gürcüstan Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə, "Azərbaycan Respublikası və Çin Xalq Respublikasının dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında" Birgə Bəyannamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında, "Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında mülki hava nəqliyyatına dair" Sazişin təsdiq edilməsi haqqında qanunun layihəsi barədə, "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında məhkumların verilməsi haqqında" Müqavilənin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə, "Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alğı-satqısına dair müqavilələr haqqında Konvensiyası"na qoşulmaq barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında, "Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında qanun layihələri nəzərdən keçirilib.
Deputatlar, həmçinin Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi, "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunun layihəsi, "Polis haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanunun layihəsi, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanunun layihəsi, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunun layihəsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunun layihəsi barədə qanun layihələrini müzakirə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB