Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) prezidentliyinə namizəd şeyx Salman bin İbrahim əl-Xəlifə əmindir ki, 2018-ci ilin dünya çempionatı Rusiyada keçiriləcək, FIFA-nın seçkilərində qalib gələcəyi təqdirdə turnirin məhz Rusiyada keçirilməsi üçün əlindən gələn hər şeyi edəcək.
Şeyx Salman Rusiyanın "P-Sport" agentliyinə müsahibəsində deyib: "Məndə olan məlumatdan çıxış edərək bildirirəm ki, 2018-ci ildə dünya çempionatının Rusiyada keçirilməyəcəyini düşünmək üçün heç bir əsas yoxdur. Əminəm ki, çempionat sizin ölkənizdə keçiriləcək. Prezident seçiləcəyim təqdirdə bunun baş tutması üçün əlimdən gələni edəcəyəm. Dünya çempionatına hazırlıq zamanı Rusiyanın artıq nümayiş etdirdiyi inanılmaz tərəqqidən xəbərim var. Sizin çoxmədəniyyətli və maraqlı ölkənizdə dünya çempionatının startının bayram ediləcəyi anı səbirsizliklə gözləyirəm. 2022-ci ildə Qətərdə keçiriləcək turnir barədə də eyni sözləri deyə bilərəm".
Qeyd edək ki, daha əvvəl KİV-lər şeyx Salmanın seçkiqabağı səsləndirdiyi başqa sözləri də sitat gətiriblər. O, FIFA-nın prezidenti seçkilərində qalib gələcəyi halda 2018 və 2022-ci illərin dünya çempionatlarının müraciətlərinə yenidən baxmağa hazır olduğunu bildirmişdi.
Şeyx Salman deyib: "İrqçilik barədə çığır-bağır salanlar Rusiyanın ünvanına ittihamlar yağdırmazdan əvvəl öz ölkələrinə diqqət yetirməlidirlər. Əlbəttə, biz hər yerdə irqçiliyin kökünü kəsməliyik. Amma açıq-aşkar görünənlərə göz yummaq olmaz. Bəzi ölkələrdəki gizli irqçilik çox vaxt stadionda ədəbsiz sözlər bağıran hansısa primitiv bir fanatın hərəkətindən daha pisdir. Elə ölkələr var ki, orada irqçilik az qala qanuniləşdirilib. Odur ki, gəlin ayıq-sayıq olaq, amma ikiüzlülük etməyək".
Bukmekerlərin fikrincə, şeyx Salman bin İbrahim əl-Xəlifə fevralın 26-da keçiriləcək FIFA prezidenti seçkilərində əsas favoritdir.
Onunla yanaşı seçkilərdə FIFA-nın baş katibinin keçmiş birinci müavini, fransız Jerom Şampan, İordaniya şahzadəsi Əli bin Əl-Hüseyn, Cənubi afrikalı Tokio Seksvale və Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) baş katibi Canni İnfantino iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB