Bakı tam gücü ilə Formula 1-ə hazırlaşır

Formula 1 Avropa Qran Prisinə 5 ay qalıb
Bakı tam gücü ilə Formula 1-ə hazırlaşır

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ötən müddət ərzində müxtəlif istiqamətdə bir sıra işlər həyata keçirib. Artıq bir aydır ki, bilet satışları uğurla davam edir. BŞH-dan SİA-ya verilən xəbərə görə, ötən müddət ərzində yarışa xüsusən xaricdən böyük maraq qeydə alınıb. Bugünədək satılan biletlərin 65%-i xarici bazarın payına düşüb. Rusiya, İngiltərə, Ukrayna, Niderland Krallığı və Finlandiyadan olan Formula 1 həvəskarları bilet alışında böyük fəallıq nümayiş etdiriblər.

Avropa Qran Prisini Bakıda canlı izləmək istəyən tamaşaçılara müxtəlif qiymətdə və çeşiddə 30 minə yaxın bilet təklif olunur. Formula 1 həvəskarları, start-finiş xəttini yaxından izləmək imkanı verən "Abşeron" tribunası və digər tribunalarla yanaşı trek boyunca düzünə və döngələrdə təşkil olunmuş ayaqüstü zonalara aid fərqli bilet paketlərindən istədiklərini ala biləcəklər. Azərbaycan vətəndaşlarına biletlərin qiymətində 20 %-dən 40 %-dək endirimlər nəzərdə tutulub. Ətraflı məlumatı rəsmi internet səhifəmizdən www.tickets.bakucitycircuit.com əldə edə bilərsiniz.

BŞH-nin Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nigar Arpadarai, Azərbaycanda ilk dəfə keçiriləcək Formula 1 yarışını həm şəhər sakinləri, həm də xaricdən gələcək turistlər üçün yadda qalan etmək və yarış ərəfəsində Bakıda festival ab-havası yaratmaq məqsədilə əməliyyat şirkətinin bütün imkanları səfərbər etdiyini dedi: "Cümə, şənbə və bazar günlərindən ibarət olan yarış həftəsonu zamanı yarışı izləməyə gələn tamaşaçılar Bakının dənizkənarı bulvarında qurulacaq Formula 1 şəhərciyində gözəl vaxt keçirə biləcəklər. Biz burada müxtəlif yaş qrupları üçün fərqli əyləncə tədbirləri, o cümlədən yerli və xarici estrada ulduzlarının iştirakı ilə konsert proqramları təşkil edəcəyik. İsti yay günlərində həftəsonunu ailəsi ilə birgə keçirmək istəyənlər üçün burada əvəzolunmaz imkanlar olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə