Türkiyənin Antaliya şəhərində təşkil olunan təlim-məşq toplanışında "Zirə" bu gün ikinci yoxlama oyununda qüvvəsini sınayıb. SİA-nın məlumatına görə, komanda Almaniyanın Regional liqası təmsilçilərindən "Optik"lə qarşılaşıb. Oyundan öncə 20 Yanvar faciəsi ilə bağlı aksiya keçirilib. Üzərində 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verənlərin təsvir olunduğu şəkillər və faciə haqqında yazılı məlumatların yer aldığı kağızlar üç dildə hazırlanaraq, həm Almaniya təmsilçisinə, həm də "Zirə"nin futbolçularına təqdim edilib. "Zirə"nin futbolçuları meydana qara sarğı ilə çıxıblar və oyundan öncə 20 Yanvar şəhidləri bir dəqiqəlik sükutla yad edilib.
"Zirə" meydana Anar Nəzirov, Sadiq Quliyev, Yovan Krneta, Aleksandr Şemonayev, Tellur Mütəllimov, Dieqo Souza, Vüqar Mustafayev, İqor İvanoviç, Rəşad Abdullayev, Vüsal İsgəndərli, Nurlan Novruzov "11-liyi" ilə çıxıb. Qarşılaşmanın əvvəllərindən "qartallar" üstünlüyü ələ alıblar. Təşkil olunan hücumlar zamanı bir neçə dəfə hesabı açmaq imkanı yaranıb. Təəssüf ki, hələ hissənin əvvəllərində Dieqo Souza zədələnərək meydanı tərk edib. Onun yerinə isə Tato oyuna daxil olub. Qarşılaşmanın ilk yarısında qapılara qol vurulmayıb.
Oyunun 2-ci hissəsində baş məşqçi Adil Şükürov meydana Kamal Bayramov, Adil Nağıyev, Ruslan Poladov, Nicat Qurbanov, Tərzin Cahangirov və Nelson Bonillanı buraxıb. Fasilədən sonra da üstünlük "Zirə"nin tərəfində olub. Ancaq çox keçmədən rəqib oyun ərzində yaratdığı yeganə təhlükəli vəziyyətdən istifadə edərək hesabı açıb. Bundan sonra da təşəbbüs "qartallar"da olub. Amma futbolçular real qol vəziyyətlərindən yararlana bilməyiblər və oyun rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Zirə" toplanış zamanı son oyununu yanvarın 22-də Rumıniyanın "Tırqu-Mureş" klubuna qarşı keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB