“Bakı-2015” bizim üçün böyük əhəmiyyət kəsb edir

Bunu Avropa Taekvondo Federasiyasının prezidenti deyib
“Bakı-2015” bizim üçün böyük əhəmiyyət kəsb edir

2015-ci ildə Avropa Taekvondo Federasiyası üçün mühüm yarışlar keçirildi. Bunlardan ən mühümü Azərbaycanda keçirilən "Bakı-2015" birinci Avropa Oyunları idi. Bu Oyunlar bizim qurum üçün böyük əhəmiyyət kəsb edirdi. Birinci Avropa Oyunları qitə və dünya üçün çox maraqlı, yeni çoxnövlü yarış kimi tarixə düşdü. Nəhayət, Avropa da digər qitələr kimi, özünün çoxnövlü idman yarışlarını keçirməyə müvəffəq oldu. Bu fikirləri Avropa Taekvondo Federasiyasının (ETU) prezidenti Athanasios Praqalos ötən ilin yekunları ilə bağlı danışarkən deyib.

ETU prezidenti bildirib ki, biz, həmçinin Rusiyada Olimpiya çəki dərəcəsi üzrə Avropa çempionatı təşkil etdik. Bu böyük tədbirlərin təşkilinə verdikləri dəstəyə görə ETU-nun üzvü olan milli federasiyalara minnətdarlığımı bildirirəm. Ötən il para-taekvondonun 2020-ci il Yay Paralimpiya Oyunlarının proqramına daxil edilməsi qərara alınıb.

2016-ci ilin də ETU üçün əhəmiyyətli olacağını vurğulayan A.Praqalos qeyd edib ki, bizi Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunları kimi böyük idman tədbiri gözləyir. Olimpiya Oyunlarında Avropadan və dünyadan ən yaxşı idmançılar iştirak edəcək. Bundan başqa, bu ilin aprelində Almaniyada taekvondo üzrə birinci prezident kuboku yarışı keçiriləcək. Eyni zamanda, bu il Avropa Taekvondo Federasiyasının 40 illik yubileyi qeyd olunacaq. Federasiya, həmçinin taekvondo məşqçiləri üçün seminarların təşkilini davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə