Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Binə Atçılıq mərkəzində ötən ilin yekunları ilə bağlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ARAF-ın prezidenti Elçin Quliyev, baş katibi Bəhruz Nəbiyev, idmançılar və jurnalistlər iştirak ediblər. Öncə Azərbaycanda atçılığın inkişafından bəhs edən videoçarx nümayiş olunub.
Federasiyanın baş katibi Bəhruz Nəbiyev 2015-ci ilin yekunlarına dair hesabatla çıxış edib. Azərbaycan atçılığının intibah dövrü yaşadığını deyən baş katib, respublikada yeni idman qurğularının tikildiyini, Qarabağ ve Dilbaz atlarının da seleksiya prosesinin davam etdiyini söyləyib.
O, 2015-ci ildə əldə olunan uğurlardan danışıb.
Daha sonra ötən il ölkəmizdə keçirilən Polo üzrə Avropa çempionatına həsr olunmuş videoçarx nümayiş etdirilib.
İl ərzində əldə olunan yüksək nailiyyətlərlə əlaqədar federasiyanın idmançılarına, məşqçilərə, hakimlərə və digər mütəxəssislərə fəxri diplomlar, habelə mükafatlar təqdim olunub.
Ardınca tədbir iştirakçılarını salamlayan federasiya prezidenti Elçin Quliyev 2015-ci ilin Azərbaycan atçılıq idman növü üçün çox uğurlu keçdiyini bildirib. Atçılığın cıdır və konkur növləri üzrə müxtəlif turnirlərin, xüsusən də Beynəlxalq yarışların ötən il sayca daha çox olduğunu qeyd edən federasiya prezidenti, Çövkən oyunu üzrə iki mötəbər yarışın müvəffəqiyyətlə keçirildiyini qonaqların nəzərinə çatdırıb. Ölkəmizdə keçirilən Polo üzrə Avropa çempionatının yekunlarını xatırladan Elçin Quliyev yarışın qalibi olmuş Azərbaycan seçməsinin uğurunu yüksək qiymətləndirib və ümidvar olduğunu bildirib ki, bu qələbə Azərbaycanda atçılığın inkişafına yeni təkan verəcək.
Daha sonra federasiya prezidenti E.Quliyev idmançılarla birlikdə tort kəsib və tədbir bədii hissə ilə davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB