Cavid Hüseynovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb

Cavid Hüseynovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb

Xəbər verdiyimiz kimi, Bakı şəhər sakini Rasim Əliyevin bu il avqustun 8-də Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 177.1-ci (oğurluq) maddələri ilə Bakı Şəhər Prokurorluğunda istintaqı aparılmış cinayət işi baxılması üçün dekabrın 22-də aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

SİA-nın xəbərinə görə, Bakı Şəhər Prokurorluğundan verilən məlumatda bildirilir ki, həmin cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1-ci (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata ayrılmış cinayət işi üzrə ibtidai istintaq dekabrın 29-da tamamlanıb.

Cinayət prosesinin iştirakçıları cinayət işinin materialları ilə tanış olduqdan sonra iş baxılması üçün aidiyyəti məhkəməyə göndəriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə