Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası Ülviyyə Əliyeva xeyriyyə konserti verəcək. SİA-nın məlumatına görə, teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, 30 dekabr 2015-ci il tarixdə baş tutacaq konsert proqramı Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında keçiriləcək. 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl Bayramı münasibətilə təşkil olunan xeyriyyə konsertində Qarqızın xüsusi hədiyyələri olacaq. Qarqız obrazını isə hamının "Keyxanım" kimi tanıyıb sevdiyi istedadlı və gənc aktrisa, konsertin təşkilatçısı Ülviyyə Əliyeva canlandıracaq.
Ü. Əliyeva konsertin xeyriyyə məqsədilə hazırlandığını bildirib: "Bayramda, əziz gündə kimisə sevindirmək, şadlandırmaq çox savab işdir. Milli Onkologiya Mərkəzinin Uşaq Klinikası elə bir yerdi ki, orda olanların qayğıya, diqqətə daha çox ehtiyacı var. Yəni bu cür ağır xəstəliyin pəncəsində olanları yad etmək, sevindirmək, bir-iki saatlığa olsa belə, ağrılarını unutmağa yardımçı olmaqdan böyük, savab iş varmı?"
Qeyd edək ki, konsert proqramında Şaxtababa, klounlar, nağıl personajlarının iştirakı ilə maraqlı səhnəciklər nümayiş olunacaq və klinikada xəstə yatan bütün uşaqlara sürprizlərlə dolu hədiyyələr təqdim ediləcək.
Xatırladaq ki, Ü. Əliyeva ötən ayın 10-da Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və Konstitutsiya Günü münasibətilə Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında konsert proqramı ilə çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB