Bakı Şəhər Halqasında təmir işləri

Bakı Şəhər Halqasında təmir işləri

Məlum olduğu kimi, Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası gələn il iyun ayında keçiriləcək Formula 1 Avropa Qran Prisi ilə bağlı hazırlıq işlərini həyata keçirir. Paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirilir.

SİA-nın məlumatına görə, dekabr ayının 20-dən etibarən Neftçilər prospektinin Azadlıq prospektindən Puşkin küçəsinə qədər olan hissəsi asfalt örtüyünün təmirinə bağlanıb.

Qeyd olunan təmir işlərinin 7 gün ərzində davam edəcəyi gözlənilir. Münasib olmayan hava şəraiti və gözlənilməz hallar səbəbindən təmir işlərinin uzun sürəcəyi halda şəhər sakinləri əvvəlcədən məlumatlandırılacaq.

Xatırladaq ki, yarışdan öncə salınacaq və Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir və Qran Pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə