AZAL qələbə seriyasını davam etdirdi

AZAL qələbə seriyasını davam etdirdi

Futbol üzrə Azərbaycan Premyer Liqasının XVIII turu çərçivəsində AZAL "Zirə"ni qəbul edib. SİA-nın məlumatına görə, "AZAL Arena"da keçirilən qarşılaşmanın baş hakimi Rəhim Həsənov olub. Ona Nahid Əliyev, Azər Əsgərov və Mahir Məmmədov kömək ediblər.

"Təyyarəçilər" meydana Stanislav Namaşko, Rail Məlikov (k), Tural Hümbətov, Emin Cəfərquliyev, Kamil Hüseynov, Tagim Novruzov, İlqar Ələkbərov, Murad Səttarlı, Ruslan Nəsirli, Tərlan Xəlilov və Aydın Qasımovla çıxıblar. Ehtiyat oyunçular skamyasında isə Amil Ağacanov, Müşfiq Teymurov, Rüfət Musayev, İsmayıl İbrahimli, Məhəmməd Bədəlbəyli, Elmin Çobanov və Nuqzar Kvirtiya olub.

"Zirə"nin ilk "11"liyində Kamal Bayramov, Sadiq Quliyev, Yovan Krneta, Aleksandr Şemonayev (k), Adil Nağıyev, Dieqo Souza, Çimezi Mbah, Nicat Qurbanov, Təmkin Xəlilzadə, Luis Alberto Diez və Nelson Bonilla yer alıb. Ehtiyat oyunçuların siyasına isə Elməddin Məmmədov, Viktor İqbekoyi, Ruslan Poladov, Rihairo Meulens, Tərzin Cahangirov, Nurlan Novruzov və Elgün Nəbiyevin adı daxil edilib.

Son turlar qələbələri ilə diqqət çəkən AZAL bu oyunda da rəqibindən üstün olub. İlk dəqiqələrdən hücuma atılan komandanın qarşısını almaq "Zirə" üçün çətin olub. Hakim matçın 14-cü dəqiqəsində qonaqların qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Cərimə zərbəni AZAL-ın 6 nömrəli futbolçusu Tagim Novruzov yerinə yetirib. O, dəqiq zərbə ilə erkən qola imza atıb.

Bu qoldan sonra hər iki komanda hücumlar qursa da, fərqlənə bilməyib. AZAL-ın müdafiəçiləri gözəl oyunla yenə də qapılarını toxunulmaz saxlamağı bacarıblar. "Təyyarəçilər" bir neçə dəfə hesabı artırmağa yaxın olublar. Oyun 1:0 hesabı ilə AZAL-ın xeyrinə başa çatıb.

Qeyd edək ki, bu, AZAL-ın ardıcıl 3-cü qələbəsidir. "Təyyarəçilər" bundan öncə "Xəzər Lənkəran" və "Neftçi"ni də eyni hesabla məğlub ediblər.

"Zirə" üzərində qələbədən sonra AZAL 22 xalla turnir cədvəlinin 7-ci pilləsindədir.

Qeyd edək ki, turun bu gün keçirilən digər oyunlarında "Kəpəz" "Neftçi" ilə sülh bağlayıb (1:1), "İnter" isə "Xəzər Lənkəran"ı məğlub edib (2:0).

Turnir cədvəli:

Bütün xəbərlər Facebook səhifəmizdə