Komanda azlıqda qalsa da, əzmkar mübarizə apardı
AZAL sona qədər "döyüşdü"

Futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Zirə" ilə qarşılaşan AZAL minimal hesabla (1:2) məğlub olsa da, oyunda böyük əzmkarlıq nümayiş etdirib. SİA-nın məlumatına görə, matçın 60-cı dəqiqəsində Fariz Yusifovun "təyyarəçilər"in futbolçusu Emin Cəfərquliyevə qırmızı vərəqə göstərərək meydandan kənarlaşdırmasına baxmayaraq, komanda inamla sona qədər mübarizə aparıb. Tərlan Əhmədovun başçılıq etdiyi heyət 2:0 hesabı ilə geridə olduğu halda, azlıqda olsa da, futbolçuların özünəinamı sayəsində matçın 90+2-ci dəqiqəsində qol vurmağı bacarıb. Aleksandr Qurulinin qolu komandanın əzmkarlığından və baş məşqçinin futbolçularla yüksək səviyyədə işindən xəbər verir.

Matçdan sonra AZAL-ın baş məşqçisi T. Əhmədov isə qarşılaşmanın maraqlı alındığını qeyd edib: "İlk növbədə "Zirə"ni təbrik edirəm. Maraqlı oyun alındı. Komandamın sərgilədiyi futboldan zövq aldım. Qeyd etməliyəm ki, zədəli futbolçularımız çoxdur. Düşünürəm ki, öz səhvlərimizdən qollar buraxdıq. Lakin azlıqda qalmağımıza baxmayaraq, qol vurmağımız məni sevindirdi. Oyunu unudub, çempionata köklənməliyik. Çünki bizi qarşıda 4 çətin oyun gözləyir. Bu oyundakı səhvləri qarşıdakı görüşlərdə təkrarlamamağa çalışacağıq".

Mütəxəssis hakim haqqında da fikirlərini bildirib: "Oyun vaxtı futbolçu rəqibinə dirsək vurursa, üstünlük prinsipi mənim nəyimə lazımdır? Gəncədə Fariz Yusifov istədiyini etdi, oyundankənar vəziyyətdən bizə qol vurdular. Mən oyundan öncə hakimə deyirəm ki, qaydalar nə tələb edirsə, elə edin. Misal üçün "Sumqayıt"la oyunda qapımıza penalti verdilər, etiraz etmədim".

Bütün xəbərlər Facebook səhifəmizdə