Baş məşqçi cüdoçularımızı dəyərləndirdi

Peter Zayzenbaher: "Azərbaycan cüdoçuları müsbət nəticələr əldə etməyə başlayıb
Baş məşqçi cüdoçularımızı dəyərləndirdi

Cüdo üzrə Azərbaycan milli komandasının baş məşqçisi Peter Zayzenbaher cüdoçuların son çıxışlarını dəyərləndirib və qarşıdakı planlardan danışıb. P. Zayzenbaher bildirib ki, Çin Qran-prisində gözləntilər özünü doğruldub və cüdoçular əzmkar mübarizə apararaq uğurlar qazanıblar.

Baş məşqçi eyni sözləri Koreya Qran-prisi barədə də deyib: "Artıq Azərbaycan milli komandasında yeni rəhbərliklə birgə müsbət nəticələr əldə etməyə başlamışıq. O ki qaldı idmançıların səviyyəsinə, inkişaf daimi prosesdir və biz də bunun üçün çalışırıq. Qarşıda 20 günlük təlim-məşq toplanışı nəzərdə tutulub. Koreyada bir neçə gün təlim-məşq toplanışı keçirdik və bundan sonra hazırlığımızı Monqolustanda davam etdirəcəyik. Orada da güclü məşqlərimiz keçəcək".

Peter Zayzenbaher bildirib ki, dekabrın 4-də Tokioda cüdo üzrə "Böyük dəbilqə" yarışına start veriləcək. Bu mötəbər turnirdə Azərbaycanı iki cüdoçu – Elmar Qasımov və Elxan Məmmədov təmsil edəcək. "Çünkü qısa müddətdə 3 yarışda güləşmək çox ağırdır. Həmçinin də, uşaqların çoxu növbəti dəfə çəki atmalıdırlar. Koreya Qran-prisində zədələnən Nicat Şixəlizadə isə bu gün Bakıya qayıdır. O, Azərbaycanda həkimlərimizin nəzarətində olacaq", - deyə baş məşqçi vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə