Şahin Diniyev: "Əsas gücümüzü çempionat oyunlarına yönəldəcəyik” AÇIQLAMA

Şahin Diniyev: "Əsas gücümüzü çempionat oyunlarına yönəldəcəyik” AÇIQLAMA

"Sıx yarış qrafiki yaranıb. Bizim də iki heyətimiz yoxdur ki, həm kubokda, həm də çempionatda mübarizə aparaq. Bir yerə köklənməliyik". SİA-nın məlumatına görə, bu fikirləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev deyib. Təcrübəli mütəxəssis "Xəzər Lənkəran"la ölkə kubokunun 1/8 final oyunu haqda danışıb: "Üç gündən bir oyun olanda çatdırmaq çətindir. Lənkəranda az güc sərf edib qələbə qazanmağa çalışacağıq. Oynamayan futbolçulara şans verəcəyik. Əsas gücümüzü "Sumqayıt"la çempionat matçına saxlayacağıq. Bununla belə, kubok görüşünə də elə-belə baxmırıq. "Kəpəz"in formasını geyinən hər bir futbolçu komandanın əsas heyətinin üzvü sayılır. Az oynayanlara şans yaradacağıq ki, özlərini göstərsinlər".

Baş məşqçi bildirib ki, "Xəzər Lənkəran" və "Kəpəz" komandaları indiyədək Azərbaycan kubokunda qarşılaşmayıblar. O, matçın çətin keçəcəyini qeyd edib: "Bu gün Premyer Liqada demək olar ki, zəif rəqib yoxdur. Zəif deyilən klublar çempionatda qələbələr qazanıb xal yığmağa başlayıblar. Hər bir komanda liderləri büdrətmək gücünə malikdir. Bütün oyunlar üçün maksimum güc sərf etmək lazımdır. Asan və yarı güclə oyun udmaq mümkün deyil. "Xəzər Lənkəran" güclü rəqibdir. Doğma meydanda azarkeşlərinin önündə oynayacaqlar və qələbə qazanmağa çalışacaqlar. Asan oyun olmayacaq".

Mütəxəssis vurğulayıb ki, sabah kubok oyunu ilə iki cəbhədə mübarizəyə başlayacaq "Kəpəz" Topaz Premyer Liqasında 14 turdan sonra turnir cədvəlində beşinci pillədə qərarlaşıb. O, komandanın 20 xalı olduğunu xartırladıb: "Kubokda hələ ki, dəqiq strategiyamız yoxdur. Ona görə ki, heyətimiz geniş deyil, rotasiya etmək imkanımız azdır. Ancaq gələcəyə nikbin baxırıq. Kubokda nə qədər uzaq gedə bilsək, gedəcəyik. Sizə açıq deyirəm, əsas gücümüzü çempionat oyunlarına yönəldəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə