“Xəzər Lənkəran”da 6-cı gənc və yubilyarlar

“Xəzər Lənkəran”da 6-cı gənc və yubilyarlar

Topaz Premyer Liqasının XIV turunda "Xəzər Lənkəran"ın məğlub olduğu "Zirə" ilə səfər oyunu (0:1) debüt və yubileylərlə yadda qalıb. SİA-nın məlumatına görə, qarşılaşmanın gedişində meydana daxil olan Namiq Qocayev karyerasında ilk dəfə rəsmi matçda əsas komandanın formasını geyinib. O, "Xəzər Lənkəran"ın tarixinə 195-ci futbolçu kimi düşüb. Qocayev, milliləşənlər də nəzərə alınmaqla, 112 legionerə güvənən komandanın 83-cü yerli futbolçusu olub. Gənc futbolçu Premyer Liqada "Xəzər Lənkəran" forması geyinən 188-ci oyunçudur.

Qocayev "Xəzər Lənkəran"da 17 yaş 348 günlüyündə debüt edib. O, klub tarixinin 6-cı gənc (18 yaşdan aşağı) oyunçusudur. Bu göstəricidə rekord Elnur Cəfərova məxsusdur - 15 yaş 321 gün. Kazım Kazımlı 16 yaş 67, Fikrət Ulduzlu 16 yaş 237, Rahid Əmirquliyev 16 yaş 344, Kamran Abdullazadə 17 yaş 144 günlük olarkən komandada rəsmi matça çıxıb.

18 yaşı tamam olmamış "Xəzər Lənkəran"da debüt edən 6 oyunçudan biri olan Əmirquliyev isə, komandanın heyətində 250-ci çempionat görüşünə çıxıb. "Ağ-yaşıllar"ın formasında ümumilikdə 315-ci oyununu keçirən kapitan "Zirə" ilə matçda çempionat oyunlarını 250-yə çatdırıb. Əvvəllər "Şahdağ"da çıxış edən yarımmüdafiəçi ümumilikdə Premyer Liqada 306 oyun keçirib.

XIV turun oyunu baş məşqçi Yunis Hüseynov üçün də əlamətdar olub. O, baş məşqçi karyerasında 200-cü Premyer Liqa görüşündə iştirak edib. Təcrübəli mütəxəssis bu matçların 35-ni "ağ-yaşıllar"ın "sükanı arxasında" keçirib. Ümumilikdə isə, Hüseynov "Xəzər Lənkəran"ı 40 oyuna çıxarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə