Raqif Abbasov: "Azərbaycanı sevənlər meydanda yox, səngərdə olmalıdır" AÇIQLAMA

Raqif Abbasov: "Azərbaycanı sevənlər meydanda yox, səngərdə olmalıdır" AÇIQLAMA

"Azərbaycan gəncləri dövlət quruculuğuna ziyan verə biləcək bütün hadisələri pisləyir. Gənclərimiz ölkəmizin qüdrətli olması üçün əlindən gələni edir və edəcək". Bu sözləri SİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib. O, Nardaranda baş vermiş hadisələrin din pərdəsi altında cinayət xarakteri daşıdığını bildirib: "Dünən Nardaranda din pərdəsi altında cinayətkar əməllərin törədilməsi araşdırılmalı, birmənalı olaraq hüquqi qiymət verilməli, təşkilatçılar ciddi cəzalandırılmalıdır. Azərbaycanda əsl dindarlar üçün yüksək şərait yaradılıb. Prezident İlham Əliyev dünyanın ayrı-ayrı beynəlxalq tədbirlərində İslam dini haqda yüksək fikirlər bildirir, bu dinin terrordan uzaq olduğunu qeyd edir, İslama qarşı dünyada ədalətsiz mövqe sərgiləndiyini vuğulayır. Ölkəmizdə məscidlər, dini ibadət mərkəzləri, ali təhsil ocaqları tikilir, maddi-texniki baza yüksəldilir. Belə bir şəraitdə din pərdəsi altında təxribatlar, cinayətlər törətmək yalnız Azərbaycanın inkişafını istəməyən qüvvələrin işidir. Azərbaycanı sevənlər meydanda yox, səngərdə, həqiqi hərbi xidmətdə olmalıdırlar. Dindən istifadə etməklə radikalizmi təbliğ edən fikirlər, xaricdən himayə edilən, maliyyələşdirilən insanların düşüncələri Azərbaycanda heç vaxt gerçəkləşməyəcək".

R. Abbasov qeyd edib ki, cəmiyyətimizin mövqeyi Azərbaycançılıq, Ulu Öndər Heydər Əliyev ideyasıdır: "Hər-hansı cinayətkar qrup güclü dövlətimizi yolundan döndərə bilməz. Onlar bilməlidir ki, dövlətimiz öz uğurlu yolu ilə davam edəcək. Azərbaycanlılar dövlətimizə zərər vermək istəyən, onu sevməyən qüvvələrə qarşı ortaq vətəndaş mövqeyi ortaya qoyurlar".

Bütün xəbərlər Facebook səhifəmizdə