Qran-Pri turnirinin ilk günü Orxan Səfərov bürünc medal qazanıb

Qran-Pri turnirinin ilk günü Orxan Səfərov bürünc medal qazanıb

Cənubi Koreyanın Jeju şəhərində keçirilən cüdo üzrə Qran-Pri turnirinin ilk günü Azərbaycan üçün uğurlu olub. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, milli komandamızın üzvü Orxan Səfərov turnirin bürünc medalını qazanıb. 60 kq çəki dərəcəsində yarışan cüdoçumuz Qran-Priyə Tayvan təmsilçisi Yunq Vey Yanq və ispaniyalı Fransisko Harriqosa üzərində qələbə ilə başlayıb. Səfərov daha sonra komanda yoldaşı İlqar Müşkiyevlə qarşılaşıb. Müşkiyev isə buna qədər Belçika cüdoçusu Senne Uins və Valide Hyarı mübarizədən kənarlaşdırıb. Cüdoçularımızın duelindən Səfərov qalib ayrılıb. Yarımfinalda monqol təmsilçisi Boldbatar Hanbata uduzan idmançımız bürünc medal uğrunda görüşdə Venesuela cüdoçusu Havyer Quedsə qalib gəlib.

Mükiyev isə təsəlliverici görüşdə Braziliya idmançısı Erik Takabataka məğlub olub.

Digər təmsilçimiz, 66 kq çəki dərəcəsində çıxış edən Nicat Şıxəlizadə mübarizəyə ikinci turdan, Belçika idmançısı Kennet van Qensbeki məğlub edərək qoşulub. Daha sonra o, macarıstanlı Bens Zamboriyə qalib gəlib. 1/4 finalda Qazaxıstan təmsilçisi Azamat Mukanova qarşı görüşdə Şıxəlizadə rəqibindən üstün olsa da ciddi zədələnib. Qarşılaşmanı zədəli olaraq davam etdirən Nicat yarımfinala çıxa bilməyib. Buna görə də, cüdoçumuz təsəlliverici görüşə də qatılmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə