Azərbaycanlı idmançı Ümid Məmmədzadə çempion oldu

Ümid Məmmədzadə: “Qələbə ilə qayıdacağıma əmin idim!”
Azərbaycanlı idmançı Ümid Məmmədzadə çempion oldu

Noyabrın 18-22-də Moldovada qaydasız döyüşün MMA versiyası üzrə Azərbaycan yığma komandası dünya çempionatlığında iştirak edirdi. Azərbaycanın hər zaman şərəfini qoruyan, gənc və perspektivli döyüşçü Ümid Məmmədzadə, yaranan və yaradılan bir sıra problemlərə görə, Azərbaycanı Moldovada deyil 24 noyabr tarixində Ukraynanın Odessa şəhərində təşkil olunan WORLD MMA NETWORK "MAXMIX" reytinqli professional döyüşdə ölkəmizi təmsil etdi. SİA-nın məlumatına görə, Ümid Məmmədzadə yarışda bütün rəqiblərinə qalib gələrək, birinci yeri tutdu.

İdman ustası olan Ümid neçə illərdir ki, qaydasız döyüş idman növü üzrə peşəkar səviyyədə məşğul olur. Azərbaycan Dövlət İqtisad Universitetinin üçüncü kurs tələbəsidir. Qaydasız döyüş üzrə iki qat dünya çempionu, Avropa çempionu, üçqat respublika çempionu, ikiqat Bakı çempionu, Qafqaz çempionu, bir sıra beynəlxalq turnirlərin qalibi olub. Bu yarışa böyük ümidlə yollanan Məmmədzadə yarışdan qələbə ilə qayıdacağına əmin idi: "İndiyə qədər qazandığım çoxsaylı uğurlarımın sirri fasiləsiz məşqlərimdir və hər zaman zəhmətimin bəhrəsini görmüşəm. Bu yarışda da uğur qazanacağıma inanırdım. Digər yarışlardakı kimi, bu dəfə də qalib gələrək, bayrağımızı qaldırdım. Bunu xüsusi qeyd etmək istəyirəm ki, mən hər zaman tək öz qazandığım uğurlarla yox, vətənimi ölkədən kənarda layiqincə təmsil edən hər bir azərbaycanlının uğuru ilə fəxr edir və ürəkdən sevinirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə