Səttar Mehbalıyev: "Ən mühüm istiqamətlərdən biri işçilərin layiqli əməkhaqqı ilə təmin edilməsidir"

Səttar Mehbalıyev: "Ən mühüm istiqamətlərdən biri işçilərin layiqli əməkhaqqı ilə təmin edilməsidir"

"Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) fəaliyyətinin ən mühüm istiqamətlərindən biri işçilərin layiqli əməkhaqqı ilə təmin edilməsinə nail olmaqdır". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, millət vəkili Səttar Mehbalıyev deyib.

O, bu məqsədlə "Yaşayış minimumundan aşağı olmayan minimum əməkhaqqı" adı altında həmrəylik kampaniyası təşkil edildiyini bildirib. Konfederasiya sədri qeyd edib ki, Azərbaycan Həmkarlar İttifaqları müasir şəraitdə hər bir işçi üçün layiqli iş yeri və təhlükəsiz istehsalat mühitinə nail olmağa çalışır: "AHİK-in İcraiyyə Komitəsinin qərarı ilə "Həmkarlar İttifaqları orqanlarının 2018-ci ilədək əmək və ətraf mühitin mühafizəsi sahəsində fəaliyyətinin əsas istiqamətləri" təsdiq edilib. Son illər Azərbaycan Həmkarlar İttifaqlarının təşəbbüsü ilə "Texniki təhlükəsizlik haqqında", "İstehsalatda baş verən bədbəxt hadisələr nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi və peşə xəstəliklərindən icbari sığorta haqqında" qanunlar qəbul edilib, Əmək və Vergi məcəllələrinə bir sıra düzəlişlər edilib".

Onun sözlərinə görə, ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə əməyin mühafizəsi və təhlükəsizliyi üzrə komissiyaların üzvlərinin, ictimai əmək müvəkkillərinin və mütəxəssislərin təhsilinin artırılması, əməyin mühafizəsi üzrə baxış-müsabiqələrin keçirilməsi məsələləri getdikcə daha da aktuallaşır.

"AHİK və sahə həmkarlar ittifaqı təşkilatları sosial tərəfdaşların iştirakı ilə həmkarlar ittifaqları fəallarının təhsilinə, tematik bölgə seminarları, müşavirə, konfrans, dəyirmi masa, baxış-müsabiqələrin təşkili və keçirilməsinə, istehsalat zədələnmələri profilaktıkasına ictimai nəzarətə xüsusi diqqət ayırır. Ətraf mühit, layiqli əmək uğrunda fəaliyyət və Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş beynəlxalq aksiya, həmçinin "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi" baxış-müsabiqələrin keçirilməsi geniş yer alıb" - deyə, S.Mehbalıyev əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə