Əjdər Cəfərov: "Bəzi idmançılarımız bir çəki yuxarı güləşəcəklər" AÇIQLAMA
"Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsi artıq 8-ci dəfədir ki, ölkəmizdə keçiriləcək. Ümumilikdə bu yarışda mübarizə aparacaq 40-dan artıq ölkənin iştirakı artıq təsdiqlənib". SİA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Güləş Federasiyasının baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov deyib. O, yarışın gərgin mübarizə şəraitində keçəcəyini qeyd edib: "Dünya Güləş Birliyinin yekun qərarına əsasən, dünya çempionatı və qitələrarası yarışlarda ilk 3-lükdə qərarlaşmış idmançılar Qızıl Qran Pri beynəlxalq turnirinə vəsiqə qazanırlar. Bu da sözügedən yarışda dünyanın ən güclü idmançılarının mübarizə aparacağından xəbər verir. Artıq bütün idmançıların siyahıları göndərilib".
Onun sözlərinə görə, Azərbaycan yığma komandaları artıq hazırlıq prosesinin son mərhələsindədirlər: "Hər 3 yığma komandalarımızın lider idmançılarının bu yarışda iştirakı planlaşdırılır. Azərbaycan Güləş Federasiyasının rəhbərliyinin təsdiq etdiyi siyahıya əsasən, yığma komandaların heyətləri məlumdur. Yaxın günlərdə heyətlər açıqlanacaq".
Baş katib qadın güləşi üzrə yığma komandamız haqqında da danışıb: "Gənc idmançılarımızın heyətə daxil edilməsi qadın güləşində ənənə halını alıb. Bu il gənclər arasında çempion adını qazanmış idmançılar Qızıl Qran Pri beynəlxalq turnirində də yarışacaqlar. Qısa zaman ərzində qadın güləşində böyük uğurlar əldə etmişik. Komandamız Olimpiya oyunları, dünya çempionatlarında yüksək səviyyədə çıxışlar edib. Təsadüfü deyil ki, 2009-cu ildə Danimarkada keçirilən böyüklər arasında dünya çempionatında qadın güləşçilərimiz komanda hesabında fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı. Ümid edirəm ki, Qızıl Qran Pri beynəlxalq turnirində də gənc və yeniyetmə idmançılarımız yüksək nəticələr əldə edəcəklər".
Ə.Cəfərov bildirib ki, bu il Azərbaycan Güləş Federasiyasının 1-ci vitse-prezidenti, Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin üzvü Namiq Əliyevin göstərişinə əsasən, Qızıl Qran Pri beynəlxalq turnirinin başlanmasına 15 gün qalmış bir neçə milli komanda - ABŞ, Qazaxıstan, İran və Rusiya yığmaları millimizlə birlikdə təlim-məşq toplanışına dəvət olunublar.
Baş katib Qızıl Qran Pri beynəlxalq turnirində milli komandalarımızın qarşısına yarışda yüksək səviyyədə iştirak etmək, maksimum sayda qızıl medallar qazanmaq məqsədi qoyulduğunu qeyd edib: "Ancaq nəzərə almaq lazımdır ki, bəzi idmançılarımız bir çəki yuxarı güləşəcəklər. Bu addım qarşıdan gələn Olimpiya oyunlarına görə atılacaq. Buna baxmayaraq, idmançılarımızın yüksək səviyyədə çıxış edəcəklərinə inanırıq".
Ə.Cəfərov yarış salonunda işlərin yekunlaşmaq üzrə olduğunu, bütün təşkilati məsələlərin yüksək səviyyədə yerinə yetirildiyini deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB