"Day of children" turnirində yığmalarımız gümüş və bürünc medal qazandılar

"Day of children" turnirində yığmalarımız gümüş və bürünc medal qazandılar

İran İslam Respublikasının paytaxtı Tehranda kiçik yaşlı yeniyetmələr arasında güləş üzrə "Day of Children" beynəlxalq turniri keçirilib. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, turnirdə sərbəst və yunan-Roma güləşi üzrə kiçik yaşlı yeniyetmələrdən ibarət yığma komandamızın üzvləri mübarizə aparıb.

Yunan-Roma güləşçilərimiz ikinci, sərbəst güləşçilərimiz isə üçüncü pillədə qərarlaşıb.

Komanda yarışı olan turnirdə yunan-Roma güləşçilərimiz qrupda İran (6:4), Türkmənistan (10:0), Tacikistan (8:2) və Qırğızıstan (8:2) komandalarını məğlub edərək finala yüksəlib. Finalda İranın digər komandası ilə qarşılaşan yığmamız görüşü 5:5 hesablı bərabərliklə tamamlayıb. Texniki üstünlük rəqibdə olduğundan yığmamız turnirin gümüş medalına yiyələnib.

Sərbəst güləşçilərimiz isə İraq və Gürcüstan idmançılarını 9:1 hesabı ilə məğlub ediblər. İran yığmasına 4:6 hesabı ilə uduzan komandamız qrupu ikinci sırada tamamlayıb. Bu nəticə ilə, yığmamız digər qrupun ikincisi olan daha bir İran komandası ilə bürünc medal uğrunda görüşə çıxıb. Hesab 5:5 bərabər olsa da, texniki üstün olan komandamız görüşü qalib başa vurub və turnirin bürünc medallarına yiyələnib.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Hüseynağa Əhmədov təmsil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə