Namiq Əliyev: "Qızıl Qran Pri turniri güləşçilərimiz üçün ciddi sınaq olacaq” AÇIQLAMA
"Yığma komandalarımızın hazırlıqları ilk növbədə Olimpiya oyunlarına hədəflənib. Qarşıdakı yarışlar da olimpiadaya hazırlığın bir mərhələsidir". SİA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev deyib.
O, idmançılarımızın hazırlığının yüksək səviyyədə olduğunu vurğulayıb. Vitse-prezident milli komandamızda idmançılar arasında rəqabət olduğuna görə, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsində yarışacaq güləşçiləri müəyyənləşdirmək üçün məşqçilər korpusunun sparrinq görüşlər keçirdiyini qeyd edib: "Görüşləri siz də izlədiniz. Güləşçilərimizin hazırlıq səviyyəsi yüksəkdir. Digər turnirlərlə müqayisədə Qızıl Qran Pri beynəlxalq turnirinin reqlamentinə görə burada mütləq dünyanın güclü idmançıları iştirak etməlidirlər. Bu yarış güləşçilərimiz üçün ciddi sınaq olacaq".
N.Əliyev bildirib ki, olimpiadada başqa çəkilərdə çıxış etməsi planlaşdırılan güləşçilər mart ayında Latviyada baş tutacaq Avropa çempionatında son sınaqdan keçəcəklər. Onun sözlərinə görə, bu yarışdan sonra Olimpiya oyunlarında çıxış edəcək güləşçilərimizin çəkiləri də, yığmamızın tam heyəti də dəqiq müəyyənləşəcək.
Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin üzvü qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsi ərəfəsində Bakıda Avropa Güləş Konfederasiyasının konfransı keçiriləcək: "İlk dəfədir ki, belə tədbir təşkil olunacaq. Burada əsasən Avropada güləşin inkişafı və ölkələrin bu sahədə əlaqələrinin genişləndirilməsi mövzuları müzakirə olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB