BŞGİBİ-də Rusiya nümayəndə heyəti ilə görüş keçirilib

BŞGİBİ-də Rusiya nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Moskvanın Bədən Tərbiyə və İdman Departamentinin nümayəndə heyəti Bakıda səfərdədir. SİA-nın məlumatına görə, qonaq nümayəndə heyəti ilə Bakı şəhər Gənclər və İdman Baş İdarəsində (BŞGİBİ) görüş keçirilib. Görüşdə BŞGİBİ-nin rəisi Raqif Abbasov, sərbəst güləş üzrə olimpiya çempionu, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev, cüdo üzrə olimpiya çempionu, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli, Rusiya nümayəndə heyətindən Dövlət Qulluğu Kadrlar və Təltifetmə İdarəsinin rəisi Stella Bajinova, beynəlxalq və beynəlmilər əlaqələr üzrə baş mütəxəssis Mariya Nikolayeva, olimpiya çempionları David Musulbes və Vadim Bogiev iştirak edib.

BŞGİBİ-nin rəisi Raqif Abbasov qonaqları salamladıqdan sonra, onları nümayəndə heyətimizin üzvləri tanış edib. Qonaq nümayəndə heyəti ilə tanışlıqdan sonra isə Rusiya təmsilçiləri ölkəmizdə olmaqdan məmnunluqlarını ifadə ediblər.

Stella Bajinova bildirib ki, Azərbaycanda çox isti münasibətlə qarşılaşıblar: "Azərbaycanlılara qonaqpərvərliklərinə görə minnətdarlığımızı bildiririk. Bakıda olmaq çox gözəldir. Şəhərinizin gözəlliyini xüsusi vurğulamalıyam. Bakıda yüksək mədəniyyətin şahidi olduq".

BŞGİBİ-nin rəisi Raqif Abbasov qonaqlara Azərbaycanda idmanın inkişafı haqda məlumat verib. O, ölkəmizdə dövlət tərəfindən idmana və idmançılara göstərilən diqqət və qayğıdan söz açıb. R. Abbasov Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrildiyini, beynəlxalq federasiyaların möhtəşəm yarışların təşkilini məhz ölkəmizə həvalə etdiyini diqqətə çatdırıb.

"Tarixdə ilkdə keçirilən I Avropa Oyunları ölkəmizdə yüksək peşəkarlıqla təşkil olunub, Beynəlxalq və Avropa Olimpiya Komitələri tərəfindən yüksək qiymətləndirilib. Gələn il Azərbaycanda "Formula-1" üzrə Avropa Qran-pri yarışları, şahmat olimpiadası və 2017-ci ildə İslam Həmrəylik Oyunları keçiriləcək", - deyən Baş İdarə rəisi ölkəmizdə idman sahəsində böyük infrastruktur yaradıldığını diqqətə çatdırıb.

Daha sonra olimpiya çempionları Namiq Abdullayev və Elnur Məmmədli Azərbaycan idmançılarının beyləlxalq arenalarda qazandıqları uğurlardan danışıblar. Onlar regionlarda da idmanın inkişafına xüsusi önəm verildiyini bildiriblər. Qeyd ediblər ki, ölkəmizin hər bir regionunda olimpiya kompleksləri mövcuddur və bütün gənclər üçün idmanla məşğul olmağa böyük imkanlar yaradılıb.

Qonaq nümayəndə heyətinin üzvləri Rusiyada keçirilmiş və keçiriləcək beynəlxalq idman tədbirləri haqqında məlumat veriblər. Onlar gələn il təşkil olunacaq bir neçə böyük beynəlxalq yarışa hazırlaşdıqlarını qeyd ediblər. Qonaqlar Azərbaycan nümayəndə heyətini Rusiya paytaxtına dəvət ediblər.

Görüş zamanı Azərbaycandakı olimpiya komplekslərində Rusiya idmançıları üçün təlim-məşq toplanışlarının keçirilməsi, hakimlər və məşqçilər üçün ixtisaslaşdırma kurslarının birgə təşkili təklif olunub.

Daha sonra bir sıra qarşılıqlı maraq doğuran mövzularda müzakirələr aparılıb.

Sonda xatirə hədiyyələri təqdim olunub və xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti növbəti il Rusiyaya cavab işgüzar səfərə yollanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə