Cüdoçularımız “Okeaniya kuboku”nda 5 medal qazanıblar FOTOLAR

Cüdoçularımız “Okeaniya kuboku”nda 5 medal qazanıblar FOTOLAR

Avstraliyanın Vullonqonq şəhərində keçirilən cüdo üzrə "Okeaniya kuboku" uğrunda yarışın ikinci günü də Azərbaycan cüdoçuları üçün uğurlu olub. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən SİA-ya bildiriblər ki, turnirin ikinci günündə daha 5 cüdoçumuz mübarizəyə qoşulub.

90 kq çəki dərəcəsində yarışan Məmmədəli Mehdiyev ilk olaraq amerikalı Tomas Karpı mübarizədən kənarlaşdırıb və daha sonra britaniyalı Corc Smiti məğlub edib. Cüdoçumuz yarımfinalda Əlcəzair təmsilçisi Abderəhman Benamadiyə şans verməyib və həlledici görüşdə isveçrəli Siril Qrosklaus üzərində qələbəni bayram edib. Beləliklə, Azərbaycan cüdoçusu "Okeaniya kuboku"nun qızıl medalını qazanıb.

100+ kq çəkidə yarışan Uşanqi Kokaurinin də çıxışı uğurlu alınıb. O, ilk görüşdə yerli idmançı Liam Parkı, daha sonra estoniyalı Yuhan Metisi məğlub edib. Cüdoçu yarımfinalda daha bir Avstraliya idmançısı - Cek Andrevartuya qalib gəlib. Lakin finalda Kokauri Əlcəzair cüdoçusu Amin Tayibə uduzaraq gümüş medala sahib olub.

Digər cüdoçularımız - Hüseyn Rəhimli, Əbdülhəqq Rəsullu və Rüstəm Alimli mükafatçılar sırasına düşə bilməyiblər.

Bununla da Azərbaycan cüdoçuları "Okeaniya kuboku"nu 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurublar.

Qeyd edək ki, yarışların ilk günü Ayşə Qurbanlı (48kq) gümüş, Oruc Vəlizadə (60 kq) və Fəqan Quluzadə (73 kq) bürünc medal qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə