Azərbaycan Milli Paralimpiya Komitəsinin rəsmiləri - vitse-prezident Şaiq Həmidov və baş katib Afiq Süleymanov "Neftçi İdman Klubu" İctimai Birliyinin inzibati binasına gələrək klubun idarəetmə aparatının rəhbəri, Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü Sadıq Sadıqovun 50 illik yubileyini təbrik ediblər. SİA-nın məlumatına görə, ilk öncə Şaiq Həmidov çıxış edərək onu 50 illik yubileyi münasibətilə təmsil etdiyi komitənin kollektivi adından təbrik edib. O, Sadıq Sadıqovun uzun illər Azərbaycan idmanına, eləcə də Paralimpiya Hərəkatına göstərdiyi xidmətdən geniş söhbət açıb və fəaliyyətini yüksək qiymətləndirib. Yubilyarın ömrünün böyük bir hissəsinin "Neftçi İdman Klubu" ilə bağlı olduğunu vurğulayan natiq, onun idmandakı xidmətlərinə görə dövlət başçısı tərəfindən fəxri ad və medalla təltif olunduğunu qeyd edib. O, S.Sadıqovu həm də gözəl dost və xeyirxah insan kimi dəyərləndirərək, cansağlığı və gələcək işlərində müvəffəqiyyətlər arzu edib.
Sonra Afiq Süleymanov və digər çıxışçılar da yubilyara ən xoş arzularını çatdırıb, haqqında dəyərli fikirlər səsləndirdilər.
Ardınca Ş.Həmidov S.Sadıqovun Azərbaycan Paralimpiya Hərəkatının inkişafında göstərdiyi xüsusi xidmətlərinə görə Azərbaycan Milli Paralimpiya Komitəsi tərəfindən "Paralimpiya medalı" ilə təltif olunduğunu söyləyib və mükafatı yubilyara təqdim edib.
Tədbirin sonunda S.Sadıqov ona göstərdikləri diqqətə görə Azərbaycan Paralimpiya Komitəsinin rəhbərliyinə dərin minnətdarlığını bildirib və təltif olunduğu mükafatın onun üçün çox qiymətli olduğunu söyləyib.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB