Qanqas Dionysios: "Azərbaycan Milli Olimpiya Komitəsi nümunəvi qurumlar sırasındadır" AÇIQLAMA

Qanqas Dionysios: "Azərbaycan Milli Olimpiya Komitəsi nümunəvi qurumlar sırasındadır" AÇIQLAMA

"Bakıda olmaqdan çox məmnunam. Avropa Olimpiya Akademiyalarının konfransı çox vacib tədbirdir. Bu, bir daha onu göstərir ki, milli olimpiya komitələri olimpizmin inkişafında nə qədər əhəmiyyətli rola malikdir". Bu fikirləri SİA-ya açıqlamasında Beynəlxalq Olimpiya Akademiyasının direktoru Qanqas Dionysios deyib.

Onun sözlərinə görə, Avropanın olimpiya komitələri güclüdürlər və çox gözəl iş nümayiş etdirirlər. Bildirib ki, Azərbaycan Milli Olimpiya Komitəsi də öz işi ilə nümunəvi qurumlar sırasındadır.

"Bakıda keçirilən Avropa Olimpiya Akademiyalarının ikinci beynəlxalq konfransında müxtəlif ölkələrin olimpiya komitələrinin nümayəndələri birlikdə çalışır, müəyyən mövzularda müzakirələr aparır və yekun qərara gəlirlər. Paytaxtınızda keçirilən bu tədbir dünya idmanının inkişafına böyük dəstəkdir", - deyə Q. Dionysios əlavə edib.

O, son üç ildə Beynəlxalq Olimpiya Akademiyasının Azərbaycan Milli Olimpiya Akademiyası və Gənclər və İdman Nazirliyi ilə sıx əməkdaşlıq etdiyini qeyd edib: "Azərbaycandan çox sayda tələbə və idmançılar Yunanıstanda yerləşən Beynəlxalq Olimpiya Akademiyasının idman fakültəsində təhsil alıblar. Onlar bu müddətdə çoxlu seminar və konfranslarda iştirak edib, təcrübə keçiblər. İnanıram ki, həmin tələbə və idmançılar Azərbaycanın uğuruna öz töhfələrini verəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə