Dünya çempionatı davam edir

Halkidikidə keçirilən 18 yaşadək yeniyetmələr arasında şahmat üzrə dünya çempionatı davam edir. Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 3 turdan sonra 8 yaşadək qızların çempionatında mübarizə aparan təmsilçimiz Səmra Qasımova 2.5 xal toplayaraq 7-11-ci yerləri bölüşdürür. Eyni yaşlı oğlanların yarışında Read Səmədov 2.5 xalla 13-cü pillədə qərarlaşıb. Həmyerlimiz Xəzər Babazadə 3 turdan 3 xal toplayaraq 10 yaşadək oğlanların çempionatında liderlər sırasındadır. Eyni yaşlı qızların çempionatında Ayan Allahverdiyeva aktivinə 2.5 xal yazaraq 12-ci yerdədir.

12 yaşadək oğlanlar arasında iki həmyerlimiz - Əhməd Əhmədzadə və Məhəmməd Muradlı hərəyə 3 xal toplayaraq liderdirlər. Gövhər Beydullayeva isə 12 yaşadək qızlar arasında 2.5 xal toplayaraq 15-ci yerdədir. 18 yaşlı qızların çempionatında mübarizə aparan Aytən Əmrayeva isə 2 xalla 17-ci pillədə qərarlaşıb.

Yarışda Azərbaycanla yanaşı, 92 ölkədən 1500-dən artıq zəka sahibi çempion adı uğurunda mübarizə aparır. Ölkəmizi bu yarışda müxtəlif yaş qruplarında 15 şahmatçı təmsil edir. Çempionat İsveçrə sistemi ilə keçirilir və 11 turdan ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə