Güləşçilərimiz Dağıstanda keçirilən turnirlərdə 3 medal qazanıblar

Güləşçilərimiz Dağıstanda keçirilən turnirlərdə 3 medal qazanıblar

Ötən həftə qonşu Dağıstan Respublikasında sərbəst güləş üzrə 3 beynəlxalq turnir keçirilib. SİA-nın məlumatına görə, turnirlərdə iştirak edən sərbəst güləşçilərimiz 1 qızıl və 2 bürünc medala sahib olub.

Olimpiya, dünya və Avropa çempionu Hacımurad Məhəmmədovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında keçirilən beynəlxalq turnirdə mübarizə aparan İslam Bazarqanov (54 kq) bütün rəqiblərindən üstün olub. Finala qədər keçirdiyi 3 görüşü tam üstünlüklə başa vuran təmsilçimiz həlledici görüşdə də qalib gəlib və turnirin qızıl medalına yiyələnib.

Dağıstanın dövlət xadimi Xizri Şıxsaidovun mükafatı uğrunda böyüklər arasında keçirilən sərbəst güləş üzrə beynəlxalq turnirdə təmsilçimiz Pərviz İbrahimov (57 kq) fəxri kürsünün 3-cü pilləsində yer alıb və turnirin bürünc medalını qazanıb.

Yusup Abdusalamovun mükafatı uğrunda keçirilən digər turnirdə mübarizə aparan təmsilçimiz Məhəmmədrəsul Qazıməhəmmədov (97 kq) da bürünc medala sahib olub.

Bütün xəbərlər Facebook səhifəmizdə