Boksçularımız dünya çempionatının finalında

Boksçularımız dünya çempionatının finalında

Qətərin paytaxtı Dohada boks üzrə dünya çempionatı davam edir. SİA-nın xəbərinə görə, Azərbaycan milli komandasının iki üzvü - Elvin Məmişzadə (52 kq) və Albert Səlimov (60 kq) finala vəsiqə qazanıb. Məmişzadə yarımfinalda əlcəzairli Muhammed Flissini 1-ci raundda texniki nokautla məğlub edib. Boksçumuz finalda kubalı Yosbani Veitia ilə qarşılaşacaq. Məmişzadə həm də Rio de Janeyro Olimpiadasına lisenziya da qazanıb.
Albert Səlimov isə yarımfinalda braziliyalı Robson Konseysaonu məğlub edib-3:0. Milli komandamızın üzvü finalda Kubanın digər təmsilçisi Lazaro Alvarezlə üz-üzə gələcək. Səlimov da Rio Olimpiadasında iştirak etmək hüququ qazanıb.
Pərviz Bağırov (69 kq) yarımfinalda Qazaxıstan nümayəndəsi Daniyar Yeleussinova uduzsa da, o, Olimpiya oyunlarına lisenziya əldə edib. 69 kq çəki dərəcəsində finala vəsiqə qazanan Muhammed Rabii WSB liqasından Olimpiadaya lisenziyaya sahib olduğundan həmyerlimiz dünya çempionatından verilən 3 vəsiqədən birinə yiyələnib. Amma Bağırov oktyabrın 15-də çinli Liu Ve ilə 3-cü yer uğrunda görüşə çıxacaq. Bu, 3-cü yerin sahibini müəyyənləşdirmək üçün döyüş olacaq.
Qeyd edək ki, Abdulqadir Abdullayev də dünya çempionatında bürünc medala yiyələnib. Beləliklə, komandamız tarixdə ilk dəfə olaraq dünya çempionatında 4 medal qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə