Roman Qriqorçuk: "Düz yoldayıq" AÇIQLAMA

Roman Qriqorçuk: "Düz yoldayıq" AÇIQLAMA

Topaz Premyer Liqasının VII turuna "Qəbələ" – "Xəzər Lənkəran" oyunu ilə yekun vurulub. Matç meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. SİA baş məşqçilərin oyun haqqında fikirlərini nəzərinizə çatdırır:

Roman Qriqorçuk ("Qəbələ"nin baş məşqçisi): "Azarkeşsiz bayram olmur. Biz istərdik ki, oyunlarımıza çox azarkeş gəlsin. Oyunun nəticəsi öz yerində. Bu gün bizə dəstək olan hər kəsə "çox sağ ol" deyirəm. Əslində, azarkeş sayının az olmasına görə ruh düşkünlüyü yaşamırıq. Biz elə oynamalıyıq ki, azarkeşlərin stadiona gəlməməsi mümkünsüz olsun. 2 gün öncə oyuna çıxmışdıq. Ağır oyundan sonra futbolçuların belə hərəkətli olması onu göstərir ki, düz yoldayıq. İndi milli komandanın oyunları ilə əlaqədar olaraq, fasilə yaranır. Bundan maksimum yararlanmalıyıq. Açığı, statistika ilə maraqlanmıram. Erkən qol oldu, hesab 6:0 oldu və digər məsələlər məni maraqlandırmır. Əvvəl olanların bu gün üçün əhəmiyyəti yoxdur. Bu gün qələbə qazanmaq lazım idi və biz bunu etdik. Böyükhesablı qələbə özünəinam hissini artırır. Düşünürəm ki, futbolçu heç vaxt arxayınlaşmamalıdır. Hücumçu imkanlardan maksimum yararlanmalıdır və imkan varsa, dayanmamalı, qollar vurmalıdır".
Roman Qriqorçuk Qurban Qurbanovun penalti ilə bağlı məlum qərarına da münasibət bildirib: "Mənim Qurbana çox böyük hörmətim var. Onunla danışmışam, çox peşəkar insandır. Belə addım atması onu lap yüksəklərə qaldırır. Bunu hakimlərə hörmətsizlik kimi yox, futbol adına böyük hadisə kimi qəbul etmək lazımdır. Bu barədə hətta Avropada danışacaqlar. "Qarabağ" kimi komandaya və belə məşqçiyə heç kimin köməyi lazım deyil. Eləcə də bizə. Sadəcə, düzgünlük olsun və biz işimizin bəhrəsini meydançada görək".

Vidadi Hüseynov ("Xəzər Lənkəran"ın məşqçisi): "2 əsas oyunçumuz meydançaya çıxmamışdı. Rasim Ramaldanov və Orxan Əliyev oynamırdılar. Məcbur qalıb, əvəzedici heyətdən oyunçular götürmüşdük. Bu da hesabda özünü göstərdi".

Qeyd edək ki, "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov səhhətində yaranmış problemlərə görə mətbuat konfransına qatılmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə